Nuşirəvanla bayquşun söhbəti və Ramiz Mehdiyevlərin “ədaləti” – MÖVQEbackend

Nuşirəvanla bayquşun söhbəti və Ramiz Mehdiyevlərin "ədaləti" - MÖVQE

Ramal Dövran

Bu ölkədə xalqa xidmət anlayışı alt-üstdür. Tək Ramiz Mehdiyevi nəzərdə tutmuram, əksər yüksək vəzifəlilər xalqı özünə xidmət etdirir. İşdən də çıxardanda küsürlər ki, mən bu qədər xalqa xidmət etmişəm, kitab yazmışam, məqalə yazmışam, zırt, pırt…

Sözün əsil mənasında zırt-pırtla məşğul olub oliqarx olmuş insanlarsınız. Kasıb işdən çıxanda heç incimir, gedib müdirinə etiraz eləmir. Amma 7, bəlkə daha da çox nəslinə yetəcək qədər var-dövlət toplayanları vəzifəsindən uzaqlaşdıran kimi küsür, inciyir, ultumatum verir, dünənə qədər söydüyü müxalif cəbhədə yer alır. Nədir axı? Bu qədərmi acizsiniz? Nə zamana qədər o kreslolarda oturmağı düşünürsünüz ki? Allah canınızı almayana qədər kreslolarınızı heç kim əlinizdən ala bilmir.

Axı bizə hər dəfə ağsaqqal, böyük-kiçik dərsi keçirsiniz, “Gənclər bizim gələcəyimizdir” deyirsiniz. Özünüz inanmadığınız və əməl etmədiyiniz dəyərləri niyə cəmiyyətə sırıyıb bu cəmiyyəti bədbəxt edirsiniz? Gərək naşınızı kreslodan qaldırıb qəbiristanlığa aparsınlar? Fəttah Heydərov deputat olaraq köçdü bu dünyadan. İstehza, ya da lağ üçün demirəm, qəti. Sadəcə nümunə çəkdim. Şəxsiyyəti və xarakteri haqqında heç bir fikir bildirmirəm. Sadəcə misal çəkirəm.

Söhbət məmurların ya da millət vəkillərinin yaşlılığından getmir. Məsələ burasındadır ki, durğun su tez iylənir. Mütəmadi axmalıdı… Axdıqca təmizlənir, yenilənir, bərraklaşır su. Vəzifə də belədir.

Vəzifələr təyinatla olsa belə, təyin olunan şəxs nə qədər gözəl işləsə də, yerdəyişmə ya da təmamilə dəyişmə olmalıdır. Bu dəyişməz bir qanun halına gəlsə, kimsə kreslosuna güvənməz və incik də düşməz. Başdan qaydalara uyğun gəlib, vaxtı tamam olanda da getməyi bacarmağı öyrənər. Bu zaman həm işdə yenilik və irəliləyiş olar, həm də vəzifəsinə güvənib ədalətsizliklər etməz, xalqa acıq verməz, əziyyət çəkdirməz.

Burda hamıda “oşibka” tutanlar da elə düşünür ki, heç kim ağıllı deyil, bir tək bunlar ağıllıdır. Daha demir ki, ağlım olsaydı, mən orda olardım. Bu gün isə o ordadı, mən facebook dünyamda. Özümə öz xəyallarımdan bir dünya qurub onu müzakirə edirəm. Yəni, “Hayeller iş kabineti, hayatlar facebook kabineti…”

Məgər vəzifəsi əlindən alınan kimi vay-şüvən qoparan adamlar görməmişik ki? Gültəkin Hacıbəyli və Cəmil Həsənli məsələn. Milli Məclisdə olanda onlara hava xoş idi. Yüksəklərdən uçurdular. Yuxarılardan yerə baxanda hər şey çox kiçik görünürdü. Ədalət də, azadlıq da, insan haqqları da, elə insanlar da, pullar da. Bu o qədər xoş gəlir ki, həzdən daha da yüksəyə, biraz da yüksəyə qalxdıqca qalxmaq istəyirlər. Amma yüksəklərdə rüzgar çox sərt əsir. Orda uçmaq çox çətindir. O rüzgar sizi savurub sərt qayalara çırpar. Yüksəkdən düşməyin ağrısı da çox olar.

Bunları nəzərə almayıb uçanlar isə sadəcə axmaqdır…

İndi müdafiə etdiyi dəyərləri düşünsəydilər, zamanında para-pul yerinə, qazandıqları hörmət olardı zənginlik əvəzinə. Zənginlik və vəzifə isə su kimidir, ovcunda tutmaq istəsən də, barmaqların arasından axıb gedər. Hz Əlinin çox qəşəng sözü var:

“Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır.

Qorxacağın şeylərin ən qorxuncu özünü bəyənməkdir. Əsil-nəcabətin ən ucası gözəl davranışdı. Oğlum, axmaqla dost olmaqdan çəkin, sənə fayda vermək istərkən zərəri toxunar. Simiclə dost olmaqdan çəkin, ona ən çox ehtiyacın olduğu anda köməyinə gəlməz, oturar. Pislik edənlə dost olmaqdan çəkin, o çox ucuza səni satar gedər. Yalançı ilə dost olmaqdan çəkin, çünki o səraba (miraj) bənzəyər, uzağı yaxın göstərər sənə, yaxını uzaqlaşdırar”.

İndi xalqla dost olmayıb, yalançı, yaltaq və bu nəsihətdəki tiplərlə dostluq edən hər kəs Gültəkin Hacıyeva, Cəmil Həsənli, Əli Həsənov, Ramiz Mehdiyev kimi yaxınlardan uzaqlaşır, uzaqlara yaxınlaşır. Amma diri ikən ölü vəziyyətdə.

Ramiz müəllimin son açıqlamasında stat gətirdiyi Hz Məhəmməd peyğəmbərin ədalət və bərabərlik misalı nə üçün indi yadına düşdü axı? Qocalıq budur bax, lazım olanda yadına sala bilmirsən. Elə vaxt yadına düşür ki, onda da sənə lazım olmur. Ona görə də nə qədər ki heç nəyi unutmursuz, xatırlamaq istədiyiniz zaman dərhal yada sala biləcıyiniz yaşa qədər oturun kreslonuzda.

Ədalət olmayan yerdə heç nə olmaz. O ədaləti isə siz yoxa çıxartdınız. Onu ancaq siz “knopkanı” basıb otağınıza gətirirdiniz. İndi “knopkanızı” itirdiniz deyə siz də ədaləti axtarırsınız. O ədaləti hamının əli çatan yerə qoysaydınız, sizə lazım olanda əlinizi atıb bir pay da siz götürərdiniz. Özünüz əkdiyiniz ağacların meyvəsidir. Acıdırsa, ağzınızı büzməyin.

Bu yaltaqlıqdan, sifarişlə olan yazı və açıqlamalardan kreslonuzda oturanda şikayətçi deyildiniz. Bu zamana qədər susan hər kəs, bu zamandan sonra da susmalıdı məncə. Daha çox gözdən düşməmək üçün, daha çox riyakar görünməmək üçün. Gec gəlmiş ədalətin ədalət olmadığı kimi, Gec gəlmiş ağıl da fayda vermir.

Bu yazı sadəcə adını çəkdiklərimə aid deyil, biz xalq olaraq beləyik. Gözümüzün önündə baş verir hər şey. Vəzifəyə gedəndə toplu şəkildə yaltaqlıq etdiyimiz kimi, vəzifədən gedəndə də toplu şəkildə rəzil-i rüsvay edirik. Haynan gələnlər, huynan gedir bizdə.

Siyavuş Novruzov kimi də ortada qalıb, hara gedəcəyini bilməyən, işi gücü sərhədsiz yaltaqlıq və yaranmaq olan yekə kişilər və yekə xalalar da məktəbli uşaqlar kimi məni aldatdılar deyib, atdıqları addımın arxasında dayana bilməyənlərdən bu xalqa və millətə yarayan, xidmət edən çıxmaz. Heç biriniz xalqa xidmət etməmisiniz. Xalq sizə nədəsə borclu deyil, siz xalqa borclusunuz və heç biriniz də borcunuzu qaytarmamısınız.

Jurnalistərdən və danışan millət vəkillərindən incimirəm deyirlər. Çünki, sizin bağın meyvəsidir. Bir zamanlar danışdırdıqlarınız, indi dönüb sizə danışır. Ona görə də incimirsiniz və inciməməlisiniz də. Ədalət belə bir şeydir.

Son olaraq ədalətlə bağlı bir məşhur hekayəni yazıram, tənbəllik etməyin, oxuyun.

Bir zamanlar ədaləti ilə məşhur olan İran şahı Nuşirəvan taxta çıxdığı ilk illərdə xalqa qarşı çox qəddar və amansız olur. Bir gün Nuşirəvan çox sevdiyi vəziri ilə birlikdə meşəyə ova gedir. İstirahət edərkən iki bayquş ağacın üstünə qonur və oxumağa başlayırlar.

Nuşirəvan vəzirinə: “Sən çox ağıllısan, səncə bayquşlar nə danışır”, – deyə soruşur.

Vəzir üçün şahın ədalətsizliklər etdiyini deməsi üçün gözəl fürsət yaranır və bayquşlardan istifadə edərək; “Şah sağolsun, icazə versəniz və bağışlasanız, sizə bu quşların nə dediyini söyləyəcəyəm”.

Nuşirəvan təəccüblənir və quşların nə dediklərini soruşur.

– Bu quşlardan biri digərinin qızını oğlu üçün istəyir. Digəri “Qızımı sənə yalnız 1 şərtlə verərəm, mənə 1 xaraba şəhər versən əgər”.

Şah soruşur: “Bəs oğlanın atası nə dedi?”

– Şah bu şah, dövr bu dövr olunca daha çox şəhər xaraba olacaq. Sən yetər ki, qızını ver.

İndi bizdə də, məmurlar bu məmurlar olunca daha çox şey xarab olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*