Amerika Birləşmiş Ştatları Yerdən kənar sivilizasiyaların və ya onların kosmik gəmilərinin mövcudluğunu gizlədə bilməzdi, çünki Amerika hökuməti məxfi məlumatlarla pis davranırdı.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Barak Obama bildirib.
O, “CBS News”a müsahibəsində qeyd edib ki, hökumətin sirr saxlamaqla bağlı dəhşətli problemləri var: “Əgər ABŞ hökumətinin nəzarəti altında yadplanetlilər olsaydı, sizi əmin edə bilərəm ki, həmin müəssisədəki hansısa mühafizəçi onlarla selfi çəkib sevgilisinə göndərərdi. Mən, həqiqətən də Yerdən kənar sivilizasiyaların mövcudluğuna inanıram”.
O həmçinin zarafatla bildirib ki, yadplanetlilərlə ilk təmasda Yer sakinlərini təmsil edə bilər: “Mənim zəngin təcrübəm var, hökumət və diplomatiya sahəsində bacarıqlarım var. Mən mehribanam, ona görə də düşünürəm ki, bu işin öhdəsindən yaxşı gələ bilərəm. Amma bu, hələ baş verməyib”.
Bu il fevralın 14-də Obama yadplanetlilərin mövcud olduğunu bildirib: “Kainat çox genişdir və haradasa həyatın başqa formalarının olması ehtimalının yüksəkdir”.
O həmçinin prezidentliyi dövründə yadplanetlilərin insanlarla təmasda olduğuna dair “heç bir dəlil görmədiyini” vurğulayıb.
Bu açıqlamadan sonra ABŞ-nin hazırkı Prezidenti Donald Tramp Obamanı məxfi məlumatları açıqlamaqda qınayıb./teleqraf
