Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
KONKRET.AZ xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basıb.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.
Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında da iştirak edib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.
Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib. Sonda xatirə şəkli çəkdirilib.
