İmtahanlardan sonra nəticələr ətrafında bir növ, ictimai ekspertiza aparılır. Buraxılış imtahanlarının nəticələri Naxçıvan istisna olmaqla artıq elan edilib. Naxçıvan üzrə nəticələr də açıqlanandan sonra ötən illə daha dolğun müqayisə aparmaq mümkün olacaq. Amma ilkin nəticələrə əsasən orta bal ötən illə müqayisədə 1-2 bal aşağı düşüb.
KONKRET.az xəbər verir ki, bunu”ASAN Radio”ya açıqlamasında DİM sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ilkin nəticələr ötən illə müqayisədə kəskin fərqlənmir:
“Bu, gözlədiyimiz nəticələrdir. Bilirdik ki, bu il imtahanlara düşünmə və təhlil tələb edən suallar daxil etmişik və proqram çərçivəsindən kənara çıxmamışıq. Biz yalnız bilikləri yox, eyni zamanda şagirdlərin koqnitiv bacarıqlarını da qiymətləndirmək istəyirik. Buna görə də bəzi məsələlərə şagirdlər tam hazır deyildilər. Onlar imtahanlara hazırlaşarkən əsasən əzbərçiliyə üstünlük verirlər, düşünmə bacarıqlarını isə kifayət qədər inkişaf etdirmirlər. Bu səbəbdən bəzi suallar onlar üçün çətin görünüb. Halbuki, həmin fənn üzrə ilkin anlayışı olan hər kəs bu sualları düşünərək asanlıqla cavablandıra bilərdi”.
