Ölkəmizdə sabitliyin pozulması, hər hansı qarşıdurmanın olması kimə sərf edir? – ANALİZbackend

Ölkəmizdə sabitliyin pozulması, hər hansı qarşıdurmanın olması kimə sərf edir? - ANALİZ

Bəlkə də fikir vermisiniz, Azərbaycanın taleyüklü məsələlərinin həll olunması ərəfəsində ölkəmizdə xoşagəlməz hadisələr törədilir. Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla sülh sazişi imzalamasına hazırlıq prosesinin getdiyi həssas dönəmdə də hansısa qüvvələr məmləkətimizdə vəziyyətin gərginləşməsinə çalışırlar.

Gecəyarısı ictimai fəal Bəxtiyar Hacıyevə və jurnalist Aytən Məmmədovaya qarşı  baş verən insidentlər bu qəbildəndir. Sözsüz ki, hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməli, qalib ölkəmizin imicinə bu cinayətləri törətməklə zərbə vuranları aşkarlayıb cinayət məsuliyyətinə cəlb etməlidir.

Amma təkcə onlar deyil, Daxili İşlər Nazirliyinin (DİN) yanında fəaliyyət göstərən İctimai Şura da öz funksiyasını həyata keçirməlidir. İctimai Şuralar mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə təsis edilib.

Əgər DİN yanında İctimai Şuranın üzvləri seyrçi mövqe tutmasaydılar, özünü ictimai fəal adlandıranlar Aytən Məmmədovaya olan dəhşətli hücumu bəhanə edib, paytaxtın Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc yürüş keçirmək qərarına gələ bilməzdilər.

Doğrudur, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bu olayla bağlı nazir Vilayət Eyvazova müraciət edib və Aytən Məmmədovaya qarşı hücum hadisəsinə dərhal reaksiya verilməsini, ilkin araşdırmaya başlamasını “nazirliyin məsələyə xüsusi həssaslıqla yanaşmasının təzahürü” kimi qiymətləndirib. Amma bununla İctimai Şuranın işi bitmiş sayıla bilməz. Çünki İctimai Şura sədrinin vəzifəsi dövlət qurumuna difiramblar oxumaq deyil, problemin və gərginliyin aradan qaldırılmasına nail olmaqdır. Axı İctimai Şura jurnalist xanmın yanında olduğunu əməldə sübut edə və bununla əsəbləri gərilmiş vətəndaş cəmiyyətini sakitləşdirə bilər. Milli və dövlət maraqlarına xidmət etmək budur!

Ölkəmizdə sabitliyin pozulması, hər hansı qarşıdurmanın olması kimə sərf edir? Əlbəttə ki, Ermənistana və onun məlum himayədarlarına. Ermənistandakı proseslər göstərir ki, əzəli düşmənimizlə sülh sazişi imzalamağımızı imperiya xəstəliyinə tutulmuş Rusiya qətiyyən istəmir. Məğlub qonşunun Azərbaycanın ərazi bütövlüyünü tanınması rus “sülhməramlıları”nın Qarabağda qalması zərurətini heçə endirəcək. Nə yaxşı ki, köçəryan-sarkisyan tör-töküntüləri diskreditasiyaya uğradıqlarından Putin sülh sazişinə imza atmağa vadar edilən Paşinyanı baş nazir kürsüsündən devirməyə nail ola bilmir.

Xatirinizdədirsə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanan ərəfədə Əbülfəz Elçibəyin Kələkidən geri qayıtmasına şərait yaradılması tələbi ilə AXC şəhərin mərkəzində mitinq elan etmişdi. O zaman AXC kifayət qədər güclü idi. Əcnəbi dövlətlərə xidmət edən hərbi müxalifət də hələ neytrallaşdırılmamışdı. “Əsrin müqaviləsi”nin imzalanmasını Rusiya, İran və forpost Ermənistan qətiyyən istəmirdi. Və qarşısı alınmış həmin mitinq də Rusiyanın “çörəyinə yağ sürtmək” kimi alındı. Ölkəmizin iqtisadi inkişafına təkan verən “Əsrin müqaviləsi” imzalandı. Sonradan müxalifət düşərgəsində mitinqin təyin olunması zamanının doğru seçilmədiyi etiraf edildi. Çünki söhbət müstəqil Azərbaycan dövlətinin maraqlarından gedirdi.

İndi də dövlət maraqlarımızın təmin edilməsi ilə bağlı çox vacib mərhələyə qədəm qoymuşuq. Bu mərhələ də hər birimizdən vətəndaş sayıqlığı tələb edir.

Xatirə SADİQ,

KONKRET.az         

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*