Bu gün ABŞ-də ailə, ənənələr, görüşlər və minnətdarlıq bayramı olan Thanksgiving – Şükranlıq Günü qeyd edilir. Milyonlarla amerikalı bir il ərzində yaşadıqları xoş hadisələri xatırlamaq, yaxınlarına təşəkkür etmək və birlikdə vaxt keçirmək üçün bayram süfrəsi ətrafında toplaşır.

Bayram süfrəsinin əsas qəhrəmanı, şübhəsiz ki, hinduşkadır! Onun hazırlanmasına səhər tezdən başlanılır, bəzən isə bu proses saatlarla davam edir. Süfrədə hinduşka ilə yanaşı, kartof, şirin kartof (batat), müxtəlif tərəvəzlər, quşüzümü sousu, evdə bişirilmiş piroqlar və bir çox başqa təamlar yer alır. Süfrələr o qədər zəngin olur ki, sanki evə kiçik bir ordu qonaq çağırılıb. Amma Thanksgiving yalnız yemək və bayram süfrəsi demək deyil.
Bu, insanların valideynlərini və doğmalarını görmək üçün ölkənin bir başından digərinə səfər etdiyi, böyüyən uşaqların ailə evinə qayıtdığı, dostların və qonşuların bir araya gəldiyi xüsusi gündür. Hətta bayramı tək keçirən insanlar da bu süfrələrə dəvət olunur. Çünki Thanksgiving-in əsas mənası paylaşmaq, birlik və minnətdarlıqdır.
Bayramın tarixi 1621-ci ilə gedib çıxır. Həmin il Plimutda yaşayan ingilis köçkünlər çətin keçən ilk ildən sonra uğurlu məhsul yığımını qeyd etmək üçün vampanoaq xalqının nümayəndələri ilə birlikdə ziyafət təşkil etmişdilər. Sonralar məhsula, həyata və rifaha görə şükür etmək ənənəsi Amerika mədəniyyətinin ayrılmaz hissəsinə çevrildi.
1863-cü ildə ABŞ prezidenti Abraham Linkoln Thanksgiving-i milli bayram elan etdi. Bu gün isə ənənəyə uyğun olaraq hər il noyabr ayının son cümə axşamı qeyd olunur.
Nyu-Yorkda Thanksgiving həm də möhtəşəm bayram şousu deməkdir!
Nəhəng hava şarları, məşhur cizgi filmi qəhrəmanları, musiqi orkestrləri, artistlər və rəngarəng platformalarla keçirilən “Macy’s Thanksgiving Day Parade” bayramın ən sevilən ənənələrindən biridir. Hər il minlərlə insan bu möhtəşəm paradı canlı izləmək üçün Nyu-York küçələrinə axışır, milyonlarla insan isə onu televiziya vasitəsilə seyr edir. Bu il isə paradın 100-cü ildönümü ilə əlaqədar xüsusi maraq doğurur.

Bu gün Amerika “Thank You!” deyir. Sağlamlığa görə.. Yanında olan doğmalarına görə… Dostlarına görə… Dünyanı görmək, səyahət etmək və yeni yerlər kəşf etmək imkanına görə… Hər zaman qayıda biləcəyin bir evin olmasına görə… Və ən əsası, həyatın bizə bəxş etdiyi, bəzən fərqinə belə varmadığımız adi, amma qiymətli günlərə görə…
Əslində, Thanksgiving hər birimizin mənimsəməli olduğu gözəl bir ənənəni xatırladır: sahib olduqlarımızın qədrini bilmək və həyata görə minnətdar olmaq üçün xüsusi bir günü gözləməmək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
