Orqan alverinə görə cərimələr ARTIRILDIbackend

Orqan alverinə görə cərimələr ARTIRILDI

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

KONKRET.az xəbər verir ki, dəyişikliyə əsasən Milli Məclis Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

1. 99-4.5-ci maddəyə “bu Məcəllənin” sözlərindən sonra “137,” rəqəmləri əlavə edilsin.

2. 137-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 137. İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası

137.1. İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı – altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi – on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.3. Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.4. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi – doqquz min manatdan on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.5. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər:

137.5.1. təkrar törədildikdə;

137.5.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

137.5.3. zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.6. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

3. 144-1-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “çıxarılması” sözü “götürülməsi” sözü ilə əvəz edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*