Oruc tutan xəyalında yemək düşünsə nə baş verər? — İLAHİYYATÇI AÇIQLADIbackend

Oruc tutan xəyalında yemək düşünsə nə baş verər? — İLAHİYYATÇI AÇIQLADI

Ramazan ayında oruc tutanların ən çox düşündüyü suallardan biri də niyyət və düşüncə ilə bağlıdır. Bəzən insan gün ərzində ac və susuz qalarkən xəyalında yemək təsəvvür edə, hətta süfrə barədə düşünə bilər. Bu kimi hallar orucun mənəvi mahiyyətinə təsir edirmi? Təkcə fiziki çəkinmək kifayətdirmi, yoxsa düşüncə və niyyət də orucun bütövlüyündə rol oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov suallarımızı cavablayıb.

İlahiyyatçı: "Həyat ən pis şərtlər altında belə gözəldir" Pravda.az

“Ramazan ayı yaxınlaşanda və ya artıq oruc halında olarkən insanlarda belə bir sual yaranır. “Mən ac və susuzam, amma beynimdə yemək canlandırıram, süfrə təsəvvür edirəm, su içdiyimi xəyal edirəm. Bu hal orucuma xələl gətirirmi?” Hətta bəzi insanlar oruclu zamanı mürgüləyəndə qarşılarına böyük süfrələr açılır və onlar mürgülü vaxtı xəyalən növbənöv dadlı yeməklər yeyirlər. Bütün bunlar oruclu halda baş verir. Özünə gələndə isə insanda bəzən bir rahatlıq və ya bəzilərində narahatlıq və sual yaranır ki, görəsən yuxuda yediyim üçün orucun pozuldu? Bu sual səmimidir və çox təbiidir. Çünki oruc yalnız bədən işi deyil, eyni zamanda ruh halıdır”, deyə ilahiyyatçı bildirib.

Əkrəm Həsənovun sözlərinə görə, Qurani Kərimdə buyurulur ki, “Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc vacib edildi ki, təqvalı olasınız” (Bəqərə surəsi 183.) Ayədə məqsəd açıq göstərilir. Oruc aclıq proqramı deyil. Oruc təqva məktəbidir. Təqva isə insanın daxilində formalaşır. Yəni məsələ təkcə yeməkdən uzaq qalmaq deyil, nəfsi idarə etməkdir.

Eyni surədə Allah buyurur ki, “Allah sizi andlarınızdakı boş sözlərə görə sorğuya çəkməz, lakin qəlblərinizin qazandığına görə sorğuya çəkər. (Bəqərə surəsi 225.) Bu ayə niyyətin əhəmiyyətini göstərir. Amma burada bir incəlik var. İslam alimləri qəlbdən keçən, istəmədən yaranan düşüncə ilə şüurlu niyyət arasında fərq qoymuşlar.

“Böyük alim İmam Nəvəvi qeyd edirdi ki, insanın ixtiyarsız olaraq zehnindən keçən fikir məsuliyyət doğurmur, məsuliyyət o zaman yaranır ki, insan o fikri qəbul edib ona yönəlsin.
Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləm buyurur ki, Allah mənim ümmətimdən qəlblərindən keçən şeyləri, onu danışmadıqca və ya əməl etmədikcə bağışlamışdır. Bu hədis Buxari və Müslimdə rəvayət olunur. Bu çox böyük təsəllidir. İnsan ac olanda yeməyi düşünməsi günah deyil. Bu, fizioloji bir reaksiya ola bilər, – deyə Ə. Həsənov əlavə edib.

İlahiyyatçı məsələyə elmi cəhətdən toxunaraq qeyd edib:

“Beyin enerji çatışmazlığında qida siqnalları yaradır. Müasir neyrobiologiya göstərir ki, aclıq zamanı beyində hipotalamus aktivləşir və qida ilə bağlı təsəvvürlər güclənir. Bu mexanizm insanın sağ qalma sistemidir. Bu, iman zəifliyi deyil”.

“Amma burada başqa bir qat var. Oruc təkcə mədənin deyil, gözün, dilin, zehnin də orucudur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim yalan danışmağı və pis əməli tərk etməzsə, Allahın onun yemək və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Bu hədis orucun mənəvi ölçüsünü göstərir. Deməli, əsas məsələ daxili istiqamətdir.
İmam Qəzzali İhya əsərində orucun üç mərhələsindən danışır. Birinci mərhələ adi insanların orucudur, yəni yemək və içməkdən çəkinmək. İkinci mərhələ seçilmişlərin orucudur, yəni günahlardan çəkinmək. Üçüncü mərhələ isə ariflərin orucudur, qəlbi Allahdan qeyrisindən qorumaq. Bu təsnifat göstərir ki, düşüncə səviyyəsi orucun kamilliyində rol oynayır, lakin bu, ixtiyarsız xəyallara görə orucun pozulması demək deyil.
Fəqihlərin ittifaqına görə yeməyi təsəvvür etmək, hətta yemək haqqında danışmaq orucu pozmur. Çünki orucu pozan şey maddi olaraq bədənə daxil olan qidadır və ya şəriətdə açıq göstərilən hallar. Düşüncə maddi əməl deyil. Burada niyyət məsələsi daha çox ibadətin dəyərinə təsir edir, hüquqi keçərliliyinə yox”.

Məsələyə həm də psixoloji tərəfdən yanaşan ilahiyyatçı vurğulayıb:

“Müasir psixologiyada da maraqlı bir fakt var. İnsan bir şeyi qadağan etdikcə, beyin onu daha çox xatırladır. Buna rebound effekti deyirlər. Oruc halında yeməyi düşünmək əslində nəfsin sınağıdır. Bu düşüncə ilə mübarizə etmək, onu idarə etmək təqvanın praktik məşqidir”.

“Ona görə də təkcə fiziki çəkinmək kifayət deyil, amma fiziki çəkinmək də əsas şərtdir. Düşüncə və niyyət orucun ruhunu formalaşdırır. İxtiyarsız xəyal orucu pozmur. Şüurlu şəkildə harama yönəlmək isə orucun mənəvi savabını azalda bilər. Əsas olan insanın daxilindəki istiqamətdir.
Ramazan insanı qorxu ilə deyil, şüurla dəyişdirməlidir. Əgər insan ac qalarkən beynində süfrə canlanırsa, bu, onun zəifliyi deyil, insan olmasıdır. Əgər o, bu aclıq içində səbr edirsə, niyyətini qoruyursa, dili ilə pis söz danışmırsa, baxışını haramdan çəkirsə, o zaman oruc artıq bədən məşqi deyil, ruh tərbiyəsidir.
Allah orucu bizə əzab üçün deyil, daxili azadlıq üçün vacib edib. Təqva qorxu deyil, şüurlu nəzarətdir. Oruc insanı məcburiyyətlə deyil, anlayışla dəyişəndə həqiqi mənasını tapır”, deyə Əkrəm Həsənov sonda deyib.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*