Mavriki Respublikasının Prezidenti Azərbaycanın həyata keçirdiyi “Bakı Ağ Şəhər” layihəsini, Ağdam şəhərinin Baş Planını və ekoloji təşəbbüslərini urban transformasiya sahəsində nümunəvi addımlar kimi qiymətləndirib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Mavriki Respublikasının Prezidenti Dharambeer Gokhool bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında bildirib.
“Azərbaycan hökuməti və xalqının son 10 ildə həyata keçirdiyi kompleks urban transformasiya təşəbbüslərini xüsusi qeyd etmək istəyirəm. Xüsusilə, “Bakı Ağ Şəhər” layihəsi, Ağdam şəhərinin Baş Planı və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ekoloji tədbirlər təqdirəlayiqdir”, – Dharambeer Gokhool qeyd edib.
Onun sözlərinə görə, bu təşəbbüslər WUF13 çərçivəsində aparılan müzakirələrə mühüm töhfə verəcək və forumun yekun nəticələrinin zənginləşməsinə xidmət edəcək.
Mavriki Prezidenti əlavə edib ki, mənzil yalnız sığınacaq deyil, insan ləyaqətinin əsas elementi və fundamental ehtiyacdır. Onun fikrincə, davamlı insan inkişafına nail olmaq üçün mənzil siyasəti və şəhərsalma dövlət siyasətinin mərkəzində dayanmalıdır.
