Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaqbackend

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır.

Damar cərrahı Alin Lamaita oturaq həyat tərzi keçirən insanlara bu risklərin qarşısını almaq üçün sadə, lakin effektiv tövsiyələr verib. Onun fikirləri “Terra” tərəfindən yayımlanıb.

KONKRET.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, uzun müddət hərəkətsiz qalmaq xüsusilə ayaqlardakı venoz qan dövranına mənfi təsir göstərə və bəzi insanlarda dərin venaların trombozu riskini artıra bilər.

Həkim əlavə risk faktorları olan şəxslərin isə daha diqqətli olmasının vacibliyini vurğulayıb. Bunlara piylənmə, siqaret çəkmə, 40 yaşdan yuxarı olmaq, insulin müqaviməti, ailədə tromboz tarixçəsinin olması, həmçinin bəzi kontraseptivlərdən və hormon terapiyasından istifadə daxildir.

Hər saat ayağa qalxmaq vacibdir

Alin Lamaita problemin qarşısını almaq üçün gün ərzində müntəzəm olaraq qısa fasilələr verməyi tövsiyə edib.

Onun sözlərinə görə, mümkün qədər 30-60 dəqiqədən artıq fasiləsiz oturmamaq lazımdır. Hər yarım saat və ya bir saatdan bir ayağa qalxaraq qısa müddət gəzmək qan dövranının aktivləşməsinə kömək edə bilər.

Həkim xüsusilə 2-3 dəqiqə ayaq üstə qalmağı, gəzməyi və baldır əzələlərini bir neçə dəfə yığaraq-boşaltmağı tövsiyə edib. Bu sadə hərəkətlər ayaqlarda venoz qan axınının yaxşılaşmasına kömək edə bilər.

Mütəxəssis qeyd edib ki, xüsusilə ofisdə və ya uzun müddət masa arxasında işləyən insanlar bu qaydaya əməl etməyə çalışmalıdırlar.

Qeyd: Ayaqda şişkinlik, ağrı, istilik və ya rəng dəyişikliyi kimi əlamətlər yaranarsa, xüsusilə qəfil nəfəs darlığı və sinə ağrısı olarsa, təcili tibbi yardım almaq vacibdir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*