Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi üçün mühüm amildir. Bu gün Azərbaycan gənclərinin müstəqillik dövründə yaşamaları, onlar üçün böyük xoşbəxtlikdir. Çünki hər bir vətənpərvər azərbaycanlı müstəqil dövlətin vətəndaşı olduğu üçün fəxr edir. Ölkəmizin hərtərəfli inkişafında isə gənclərimizin rolu danılmazdır. Azərbaycan gəncləri müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir və ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildə başlayıb. Həmin il Ulu Öndər Heydər Əliyevin Gənclər və İdman Nazirliyini yaratması çox əlamətdar hadisə kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət göstərib və qayğı ilə yanaşıb. Onun 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanı bunun bariz nümunəsidir. Bununla da Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaranıb, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza formalaşıb.
Eyni zamanda dövlətin gənclər siyasətinin əsasını azərbaycançılıq ideologiyası təşkil edib. Azərbaycan gənclərinin vətənpərvərliyi milli mentalitet əsasında formalaşdırılıb və bu proses indi də davam edir. Biz 44 günlük Vətən müharibəsi zamanı gənc nəslin vətənpərvərliyinin şahidi olduq. Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətləri vətənpərvərlik ruhunun hesabatı kimi də xarakterizə etmək olar. Gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini və əzmini daha da artırdı. Beləcə Azərbaycan əsgəri Azərbaycan gəncliyinin dəstəyini öz çiyinlərində hiss etdi. Məhz milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağına inam yaradır. Bu cür gənclər dövlətimizin gücünü daha da artırır. Ancaq qeyd etmək lazımdır ki, milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il kifayət etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Bu baxımdan Azərbaycan da istisna deyil. Azərbaycan gəncliyi də öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olması ilə hər zaman seçilib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanda vətənpərvərlik ruhunda aparılan təlim-tərbiyyə işləri gənclərin dövlət və dövlətçilik ətrafında fokuslanmağına səbəb olub: “Nəzərə almaq lazımdır ki, Azərbaycan gəncliyi dövlətçilik ənənələrinə sadiqdir. Ölkədə milli vətənpərvərlik ruhunda həyata keçirilən təlim-tərbiyyə işləri və gənclərin bu istiqamətdə yetişdirilməsi, 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Atılan addımlar gəncliyimizin Ali baş Komandan və ordu ətrafında sıx birləşməsinə səbəb oldu. Bütövlükdə qeyd etmək lazımdır ki, 21-ci əsr qlobal çağırışlarla bərabər, həm də milli kimlikləri təhdid edən ideoloji tezislərin ortaya çıxdığı bir dövrdür. Vətənpərvərlik hisslərinin təbliğatı, bu sahədə maarifləndirmə işlərinin aparılması özəlliklə indiki dövrdə xüsusi əhəmiyyətə malikdir.

Düşünürəm ki, gələcəkdə bir sıra sferalarda uğur qazanan gənclərin bu istiqamətdə təbliğat aparması, eləcə də diaspora və lobbiçilik sahəsində işlərin görülməsi, xaricdə yaşayan azərbaycanlıların vətənpərvərlik ideyalarını həm öz ailələri daxilində, həm də təmasda olduqları xarici vətəndaşlar arasında yayması çox vacibdir. Bütövlükdə vətənpərvərlik hissi qlobal məsuliyyət şüurunu da özündə ehtiva edir. Öz dövlətini və vətənini sevməyən şəxsin bütövlükdə dünya insanına olan təhdidlərə biganə yanaşacağı açıq-aşkar ortadadır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusuna uyğun olaraq dərc edilir.

