Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib. Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunması məqsədini daşıyır.
Qaydalara əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək.
Nazirlikdən KONKRET.az-a bildirilib ki, müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iştirak edə biləcəklər. Müraciət edən müəssisələr müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və seçilmiş özəl məktəbəqədər təhsil müəssisələri ilə maliyyələşdirmə müqavilələri bağlanacaq. Dövlət dəstəyi həmin müqavilələr çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuş yerlərə qəbul edilən təhsilalanlara şamil olunacaq. Hər bir təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə aylıq 350 manatadək, digər şəhər və rayonlar üzrə isə aylıq 250 manatadək müəyyən edilib. Təhsil haqqının dövlət tərəfindən qarşılanmayan hissəsi valideyn tərəfindən ödəniləcək.
Müsabiqənin elan olunacağı tarix, müraciət qaydası, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar barədə ictimaiyyətə Elm və Təhsil Nazirliyi tərəfindən əlavə məlumat veriləcək.
