Paşinyan Azərbaycan hərbçisini Bakıya qaytaracaq? –MÜHÜM AÇIQLAMAbackend

Paşinyan Azərbaycan hərbçisini Bakıya qaytaracaq? – MÜHÜM AÇIQLAMA

Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Rəhim oğlu Musayevin Ermənistan ərazisinə keçərək sərhəddən təxminən 20 kilometr məsafədə yerləşən Şəki kəndində saxlanılması gündəmin əsas mövzularından birinə çevrilib.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisinin müəyyən müddət Ermənistan ərazisində qalacağını bildirib. Onun oktyabrın 8-də məsələ ilə bağlı açıqlama verəcəyinə dair eyham vurması isə hərbçinin Azərbaycana qaytarılması ehtimalını gündəmə gətirib.

Bəs Paşinyanın bu açıqlamasından Azərbaycan hərbçisinin Bakıya qaytarılacağı nəticəsini çıxarmaq mümkündürmü? Ermənistan tərəfi onu Azərbaycana təhvil verəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Ermənistan tərəfi baş verən hadisədən siyasi məqsədlər üçün istifadə etməyə çalışır:

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… |  KONKRET

“Ermənistan baş nazirinin son açıqlamaları da bunu deməyə əsas verir. Paşinyan sanki ikibaşlı danışır. Bir tərəfdən dəyişdirmə məsələsindən danışır, digər tərəfdən isə müxtəlif ehtimallar səsləndirir.

Beynəlxalq praktikada da belə hadisələrin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi nümunələri var. Qarşı tərəf bir hərbçini təhvil verir, əvəzində digər hərbçi qaytarılır. Hətta bəzi hallarda hərbçinin mülki şəxslə dəyişdirilməsi də mümkündür.

Paşinyanın cümə axşamı günü brifinq keçiriləcəyini və həmin tədbirdə bu məsələ ilə bağlı fikirlər səsləndirəcəyini bildirməsi də diqqət çəkir. Böyük ehtimalla, Ermənistan tərəfi bununla Azərbaycana müəyyən mesaj vermək istəyir. Yəni Azərbaycan tərəfinə hər hansı razılaşma üçün addımlar atmaqla bağlı mesaj ötürülməsi mümkündür.

Amma hazırda hərbçinin iki ay müddətinə həbs edilməsi ilə bağlı qərarın verildiyi bildirilir. Ona görə də düşünmürəm ki, həmin müddət ərzində onun Azərbaycana təhvil verilməsi istiqamətində konkret addım atılsın. Ermənistan tərəfi bu müddətdən də siyasi məqsədlərlə istifadə etməyə çalışa bilər”.

Ekspertin sözlərinə görə, hadisənin digər mühüm tərəfi Ermənistan sərhəd xidmətindəki boşluqları üzə çıxarmasıdır:

“İstənilən halda, hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. Bu, heç də yaxşı hal olmadı. Həmçinin bu hadisə Ermənistan tərəfindən sərhədlərin necə qorunduğunu və burada hansı boşluqların olduğunu da göstərdi.

Azərbaycan hərbçisinin Ermənistan ərazisinə bu şəkildə keçməsi İrəvanda ciddi müzakirələrə səbəb olur. Daxildə də suallar yaranır ki, qarşı tərəfin hərbçisi necə bu qədər rahat şəkildə Ermənistan ərazisinə keçə bilib. Bu baxımdan, baş verənlər Ermənistan ordusunda ciddi boşluqların və məsuliyyətsizliyin olduğunu göstərir”.

Qeyd edək ki, Azərbaycan hərbçisinin taleyi ilə bağlı əsas gözlənti Ermənistan baş nazirinin oktyabrın 8-də verəcəyi açıqlamaya yönəlib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*