Xocalıda 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanlayan atanın cərimələnməsi Azərbaycanda qohum evlilikləri məsələsini yenidən gündəmə gətirib. Diqqətçəkən məqam qohum evliliyinin planlaşdırılması, həmçinin yetkinlik yaşına çatmayan evləndirilməsidir.
Bu halların qarşısını almaqla bağlı daha hansı addımlar atıla bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, bu istiqamətdə ilk növbədə maarifləndirmə işləri gücləndirilməlidir:
“Vətəndaşlar bilməlidirlər ki, “qanunda belə bir məhdudiyyət olduğunu bilmirdim” demələri onları məsuliyyətdən azad etmir. Hüquqda belə bir prinsip var: qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Ona görə də bu məsələ vətəndaşlara izah olunmalıdır. Maarifləndirmə zamanı yalnız qadağanın mövcudluğu deyil, onun yarada biləcəyi nəticələr də açıqlanmalıdır. İnsanlara “qanunu bilməmək məsuliyyətdən azad etmir” prinsipi izah edilməlidir ki, belə hallar ya tamamilə aradan qalxsın, ya da kəskin şəkildə azalsın”.
Vəkil qohum evlilikləri ilə bağlı dəqiq statistikanın olmadığını bildirib:
“Ümumi müşahidələrimə görə, bu, Azərbaycanda kütləvi şəkildə həyata keçirilmir. Lakin ayrı-ayrı regionlarda, o cümlədən paytaxtın müəyyən hissələrində belə hallara rast gəlinir. Biz nəticəyə qədər səbəblərin aradan qaldırılmasına fokuslanmalıyıq. Bu baxımdan, bir tərəfdən hüquqi maarifləndirmə aparılmalı, digər tərəfdən isə insanlara məsələnin mahiyyəti izah edilməlidir. Bəzən sual yaranır ki, cəzalar sərtləşdirilməlidirmi və bu, belə halların azalmasına səbəb ola bilərmi? Mən düşünmürəm ki, cəzaların sərtləşdirilməsi çıxış yoludur. Hesab edirəm, maarifləndirmə və izah yolu daha məqsədəuyğundur”.
