“Paşinyan gələn il iqtidardan gedə bilər” – Türk ekspertlə MÜSAHİBƏbackend

"Paşinyan gələn il iqtidardan gedə bilər" - Türk ekspertlə MÜSAHİBƏ

“Paşinyanın siyasi gələcəyi Putindən asılıdır”.

Bu sözləri beynəlxalq məsələlər üzrə ekspert Seval Bal KONKRET.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Seval xanım, atılan son addımların ardından Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh müqaviləsi imzalana bilərmi?

– Azərbaycan Prezidenti İlham Əliyev 19-20 sentyabrdakı lokal antiterror tədbirlərinin zəfərlə başa çatmasından sonra sülh sazişinin hansı şərtlərə imzalanacağını Ermənistana bildirdi. Ermənistanın Baş naziri Nikol Paşinyan da regional sabitlik naminə sülh müqaviləsinin imzalanmalı olduğunu söylədi. Hazırda Azərbaycanın əsas prioritetləri ərazi bütövlüyü və suveren hüquqlarının qorunmasıdır. Üstəlik, Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, sülh üçün çalışdığını xüsusi vurğulamaq lazımdır. 30 ildir davam edən Qarabağ münaqişəsi artıq tamamilə başa çatıb və bölgədə yeni dövrə keçidə ehtiyac yaranıb.

Artıq Qarabağ problemi tamamilə bitdiyi üçün hər iki tərəf sülh mühitinə töhfə verən addımlar atır. Düşünürəm ki, son proseslər regionda sülh üçün yeni eranın başlandığından xəbər verdi. Əslində problemlər iki ölkə arasındakı danışıqlarla həll oluna bilər. Həmçinin, mövcud sosial-iqtisadi şərait də region üçün sülhü vacib edir. Düşünürəm ki, yeni yol layihələri və Zəngəzur dəhlizi də regionun geostrateji və geoiqtisadi əhəmiyyətini artıracaq. Amma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 2023-cü ilin sonuna qədər imzalanması bir qədər çətin görünür.

– Son zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanma ehtimalları müzakirə olunur. Necə düşünürsünüz, sözügedən müqavilə Tiflisdə imzalana bilər?

– Bəli, son vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Gürcüstanda imzalana biləcəyi gündəmə gəlir. Fikrimcə, həm Gürcüstan tərəflər arasında vasitəçilik etməyə, həm də Tiflis sülhün mərkəzi olmağa namizəddir. Bunu da düzgün variant hesab etmək olar.

– Gələn il Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi gündəmdədir. Bəs mövcud vəziyyətdə Nikol Paşinyanın hakimiyyətinə davametmə ehtimalları nə qədərdir?

– Nikol Paşinyanın hakimiyyətini qoruyub saxlaması üçün ona daxildə ictimaiyyəti inandıracaq arqumentlər lazımdır. O, bir tərəfdən ABŞ və Rusiya arasında qalıb, digər tərəfdən də Ermənistanın iqtisadi vəziyyətini düzəltməyə çalışır. Lakin daxildəki müxalifətin sərt tənqidlərinə məruz qalan Paşinyanın istefa çağırışları qarşısında qısa zamanda konkret addımlar atacağı gözlənilir. Əslində Paşinyanın siyasi gələcəyi də bir növ Rusiya Prezidenti Vladimir Putindən asılıdır.

Hətta həm Avropa İttifaqı və Fransanın mövqeyi, həm də ABŞ-nin bölgədə yerləşmə planları vəziyyəti tərsinə çevirə biləcək addımlar ola bilər. Məncə, Paşinyan növbəti dəfə Baş nazir seçilsə belə, uzun müddət kreslosunu qoruya bilməyəcək. Nəzərə almaq lazımdır ki, Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi müxalifət Paşinyanın istefa verməsi və hətta onun sürgünə göndərilməsinin lazım olduğu kimi kəskin bəyanatlar verir. Onu da qeyd edim ki, erməni mediasında seçkidə Serj Sarkisyanın Nikol Paşinyanın qarşısına rəqib olaraq çıxacağı iddia olunur. Lakin bu ehtimalın nə dərəcədə inandırıcı olduğu da müzakirə mövzusudur.

– Ukraynada isə gələn il keçirilməli olan prezident seçkiləri müharibə səbəbilə təxirə salındı. Bəzi ekspertlər bu addımı Volodimir Zelenskinin vəzifəsindən getməmək üçün atdığını düşünürlər. Siz necə dəyərləndirirsiniz?

– Məncə, Zelenskinin prezident seçkilərini təxirə salması hakimiyyətini qorumaqdan daha çox yeni strategiya müəyyənləşdirmək üçün vaxt qazanmağa çalışması ilə əlaqədardır. Çünki Zelenski müharibənin uduzan tərəfi olmaq istəmir və yenidən qlobal dəstək qazanmağa çalışır. Hesab edirəm ki, Zelenski seçkidə məğlub olsa, Ukrayna da müharibədə məğlub olacaq. Ona görə də seçkiləri təxirə saldı. Üstəlik, Zelenski yenidən ABŞ-nin dəstəyinə nail olsa, daha sonra keçiriləcək seçkilərdə qələbə qazana və sülh prosesinə rəhbərlik edə bilər.

– Bəs Zelenskinin yerinə kimin keçə biləcəyini gözləmək olar? Bu, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ola bilərmi?

– Ukraynanın keçmiş prezidenti Petro Poroşenko da Volodimir Zelenskinin hakimiyyətdən getməli olduğunu düşünənlərdəndir. Həmçinin, Zelenskinin sabiq müşaviri Aleksey Arestoviç də müharibənin daha çox davam etməməli olduğunu deməklə diqqət çəkdi. Artıq onun da müxalif bir lider kimi prezidentliyə namizəd olacağı iddia olunur. Ondan başqa, Kiyev meri Vitali Kliçko da bu yaxınlarda Zelenskini əvəz edə biləcək namizədlər arasında göstərilib.

Təbii ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya da müxalif liderlərin dəstək olduğu görünür. Amma Zelenskini əvəz edə biləcək namizəd həm Rusiya ilə sülh danışıqları aparmalı, həm də Avropa İttifaqı və ABŞ üçün məqbul olan bir şəxs olmalıdır. Bütün bunları nəzərə alsaq, Zalujnının Zelenskini əvəzləmək ehtimalının az olduğunu görərik.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*