Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əldə olunması yolunda əsas maneənin parlament müxalifəti olduğunu bəyan edib. O, müxalifət deputatlarını ölkənin yeni Konstitusiyası ilə bağlı referendumun keçirilməsini dəstəkləməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın İctimai Televiziyasına müsahibəsində səsləndirib.
Baş nazirin sözlərinə görə, hazırda parlament müxalifəti sülh yolunda qalan son maneədir və deputatlar referendumun keçirilməsinə səs verməlidirlər. O, müxalifətin də bu qərarı dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Paşinyan Ermənistanın institusional dövlətə çevrilməsinin vacibliyini vurğulayaraq, yeni Konstitusiyanın qəbulunu ölkənin gələcək siyasi inkişafı və Azərbaycanla sülh prosesinin möhkəmləndirilməsi baxımından mühüm hesab edir.
O, bununla yanaşı, referendumun nəticəsini öz siyasi gələcəyi ilə də əlaqələndirib. Paşinyan daha əvvəl bəyan edib ki, yeni Konstitusiya referendumda qəbul edilməsə, istefa verəcək. Sənəd qəbul olunacağı təqdirdə isə növbəti parlament seçkilərində baş nazirliyə namizədliyini irəli sürməyəcək.
Paşinyan növbəti seçkiyədək əsas diqqətini sülh prosesinin institusional əsaslarının yaradılmasına və yekunlaşdırılmasına yönəldəcəyini bildirib.
