Ermənistan mövcud imkanlarından istifadə edərək regionda təxribatlar törətməklə məşğuldur. “Humanitar böhran”ın baş tutmamasından sonra, düşmən ölkə diqqəti silahlı qarşıdurmaya yönəltməyə cəhd etdi. İndi guya Qarabağdakı hərbi-siyasi vəziyyətin gərginləşməsindən narahat olan Ermənistan Baş nazirinin bu cəhdi də siyasi təxribatdır.
44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra ermənilər Qarabağa və Laçın yoluna beynəlxalq sülhməramlıların yerləşdirilməsi üçün cəhd etsələr də arzuları gözlərində qaldı. Ötən il Praqada Azərbaycanın suverenliyini tanıdığını deyən Paşinyanın siyasi manipulyasiya ilə məşğul olduğu məlum idi. Bu gün isə Nikolun hansı mövqedə olduğu bir daha təsdiqini tapdı.
KONKRET.az xəbər verir ki, Ermənistan Baş naziri bu günkü bəyanatında bildirib ki, “Regionda vəziyyət gərginləşib, beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidir”. Paşinyanın dünya birliyinə ünvanladığı bu çağırışın arxasında havadarlarından alıdığı xüsusi tapşırıqların elementləri görünür.
Məqsəd məsələni yenidən BMT TŞ-na çıxartmaq və Azərbaycanı etnik təmizləmədə və “humanitar böhran” yaratmaqda ittiham etməkdir. Artıq yersiz çağırışlarıyla dünya birliyini yorub əldən salan Paşinyan, bu günkü bəyanatında daha sonra bildirib: “Son bir həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib, buna səbəb Azərbaycanın günlərdir ki, Qarabağın təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca qoşun toplamasıdır.
Ermənistanın suveren ərazisinə təcavüz siyasəti davam edir. Azərbaycan bu hərəkətləri ilə Qarabağa və Ermənistana qarşı yeni hərbi təxribat törətmək niyyətində olduğunu nümayiş etdirir. Vəziyyət o həddə çatıb ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər regionumuzda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidir”.
Paşinyan təhlükəli oyunundan əl çəkmir. Qərbin ssenarisinə uyğun hərəkət edən Ermənistanın Baş naziri Cənubi Qafqazı dünya güclərinin poliqonuna çevirmək siyasətini davam etdirir. Onun bu cəhdlərindən isə ən çox ziyan çəkən erməni xalqı olacaq.
Vəli Həsənov,
KONKRET.az
