“Bütün bunlar yeni müharibəyə səbəb olacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası müxalifətə istinadən yazıb.
Ermənistan hökuməti ölkəyə KTMT müşahidəçilərinin əvəzinə Avropa İttifaqının müşahidəçilərini yerləşdirməyə qərar verib.
Dünən parlamentdə sual-cavab sessiyası zamanı Baş nazir Nikol Paşinyan aylarla davam edən suallara sensasion cavab verib. O etiraf edib ki, Aİ missiyasını Ermənistanın işğalçı olmadığını göstərmək üçün yerləşdirilir.
“Qərbdə Azərbaycan Ermənistanı Rusiyanın təcavüzkar siyasətinin iştirakçısı, Rusiyada isə Qərb sui-qəsdinin iştirakçısı kimi təmsil edirdi. Dedik, gəlin, özünüz monitorinqlərdə baxın ki, bu deyilənlərin doğru olub-olmadığını öyrənin”.
Paşinyan əvvəlcə əmin edib ki, bu qərarın heç bir geosiyasi mənası yoxdur. Əsas səbəb odur ki, KTMT-dən fərqli olaraq Avropa İttifaqı Ermənistanın ərazisini dəqiq müəyyən edib.
Paşinyanın sözlərinə görə, KTMT Avropa İttifaqından nümunə götürərək onun üçün Ermənistanın ərazisinin nə olduğunu qeydə almayana qədər həmin strukturun müşahidə missiyası ölkəyə buraxılmayacaq. Bir sözlə, Ermənistan KTMT-yə “yox” deyib.
“Çünki nəyə baxdıqları onlara aydın deyil. Çünki sual Azərbaycanın Ermənistanın ərazilərini “işğal” etdiyi vəziyyətdən irəli gəlirdi. Əgər hər hansı missiya Ermənistanın nə olduğunu, Ermənistanın ərazisini bilmirsə, o ərazinin işğal olunub-olunmamasına necə baxacaq?”, – deyə Paşinyan bildirib.
O, sözlərinə haqq qazandırmağa çalışıb.
“Qərb tərəfdaşlarımız artıq bizə şübhə ilə baxmağa başlayıblar. Deyirlər ki, siz faktiki olaraq aqressiv hərəkətlər edirsiniz. Orada çoxlu rus və erməni qoşunları var. Siz Azərbaycana hücum edirsiniz, yazıq azərbaycanlılar məcburdur ki, özünü qorumaq üçün yüksəklikləri götürsün. Dedik: çox yaxşı, yerində müşahidə edək, görək hər şey reallığa uyğundur, ya yox”, – Paşinyan deyib.
Paşinyanın açıqlamaları parlament müxalifəti sıralarında ciddi narahatlıq yaradıb.
Onların fikrincə, hakimiyyət bu cür təhlükəli addımlarla Ermənistanı yeni fəlakətə sürükləyir.
“Bütün bunlar yeni müharibəyə səbəb olacaq”, – deyə müxalifət bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
