Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… – Müzakirələr başladıbackend

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… – Müzakirələr başladı

Vətəndaş vəfat etdikdən sonra onun illərlə topladığı pensiya kapitalının taleyi yenidən müzakirə mövzusuna çevrilib. Hazırda qanunvericilikdə pensiya kapitalının varisə birbaşa ötürülməsi ilə bağlı mexanizm yoxdur. Milli Məclisin deputatı Vüqar Bayramov isə hesab edir ki, vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişərsə, topladığı pensiya kapitalının müəyyən hissəsinin, ən azı 30 faizinin varisin hesabına köçürülməsi məqsədəuyğun ola bilər.

Deputat həmçinin vətəndaşların pensiya yaşına çatmadan topladıqları kapitaldan müəyyən şərtlərlə istifadə edə bilməsi ilə bağlı xarici təcrübənin araşdırıldığını bildirib.

Bəs Azərbaycanda xarici ölkələrdə olduğu kimi, vətəndaşın pensiya kapitalından sağlığında, vəfat etdikdən sonra isə ailəsinin yararlanmasına imkan verən mexanizm tətbiq oluna bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, bu mexanizmin tətbiqi ilə bağlı müxtəlif təkliflər səsləndirilsə də, məsələ hələlik müzakirə mərhələsindədir:

“Bir sıra deputatlar və iqtisadçılar tərəfindən müxtəlif təkliflər irəli sürülsə də, tam mexanizm hələ hazırlanmayıb. Əslində, məsələ həmin məbləğin istifadəsindən çox, təyinatına uyğun yönləndirilməsidir. Təklif edərdim ki, həmin məbləğ şəxs vəfat etdikdən sonra vərəsəyə deyil, sağlığında onun pensiyasına, eləcə də sosial-iqtisadi xərclərinə yönəldilsin.

Maliyyə Nazirliyinin proqnozlarına əsasən, inflyasiya göstəricisinin yüksəlməsi gözlənilir. Bu da onu deməyə əsas verir ki, artmayan sosial gəlirlər fonunda xərclər artır. Bu səbəbdən pensiya kapitalının aylıq pensiyaya, dərman və market xərclərinə yönəldilməsi məqsədəuyğun olardı”.

İqtisadçının fikrincə, pensiya kapitalının vərəsəlik yolu ilə ötürülməsi məsələsinə fərqli yanaşma tətbiq olunmalıdır:

“Əgər yetkinlik yaşına çatmış övlad yoxdursa, şəxs uzun illər işləyib əziyyət çəkib, lakin sağlığında həmin kapitaldan faydalana bilmirsə, onun vərəsəyə ötürülməsinin nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur.

Yeni mexanizm tətbiq edilərkən ilk növbədə şəxsin ev girovu və ya kredit borcu da nəzərə alına bilər. Məsələn, şəxs vəfat edib, mirası yoxdur və ya mirasçı mirası qəbul etmir. Əgər bank borcu varsa, həmin kapital borcun ödənilməsinə yönəldilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*