Pensiya kapitalının vətəndaş vəfat etdikdən sonra taleyi məsələsi yenidən gündəmə gəlib. Vətəndaşın fərdi hesabında illər ərzində topladığı pensiya kapitalının onun ölümündən sonra ailə üzvlərinə və ya vərəsələrinə ötürülməsi ilə bağlı hazırda hansı qaydalar tətbiq olunur? Toplanmış pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 50 faizinin vərəsələrə verilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda Azərbaycanda qüvvədə olan qanunvericilikdə belə bir mexanizm nəzərdə tutulmayıb.

Ekspertin sözlərinə görə, mövcud qaydalara əsasən, yalnız ailə başçısını itirməyə görə pensiya təyin edilərkən mərhumun fərdi hesabında, xüsusilə sığorta hissəsində toplanmış kapitaldan müəyyən məbləğ nəzərə alına bilər:
“Vərəsələrin pensiya kapitalının 50 faizini avtomatik olaraq əldə etməsi mexanizmi yoxdur. Bununla bağlı müxtəlif təkliflər irəli sürülüb. Dünya təcrübəsində isə bu istiqamətdə müəyyən mexanizmlər mövcuddur.
Bəzi ölkələrdə pensiya kapitalının yığım hissəsinin vərəsələrə ötürülməsi mümkündür. Məsələn, Latviyada vətəndaş pensiya kapitalının ikinci sütununda toplanan yığım vəsaitlərini sağlığında müəyyən etdiyi vərəsələrinə ötürə bilir. Bunun üçün müvafiq qanunvericilik prosedurları tətbiq olunur”.
R.Abbasbəyli bildirib ki, Ermənistanda isə vərəsələr vəfat etmiş şəxsin pensiya kapitalını tam şəkildə əldə edə bilirlər. Onun sözlərinə görə, bir sıra Şərqi Avropa ölkələrində də pensiya kapitalının vərəsələr arasında bölüşdürülməsinə imkan verən mexanizmlər mövcuddur.
İqtisadçı Azərbaycanda isə hazırda belə bir sistemin olmadığını vurğulayıb:
“Bu mexanizmlər xüsusilə özəl pensiya fondlarında toplanmış vəsaitlərə münasibətdə tətbiq edilir. Azərbaycanda isə hələlik özəl pensiya fondları mövcud deyil. Eyni zamanda, fərdi hesabda toplanmış pensiya kapitalının yığım hissəsinin vəfat etmiş şəxsin vərəsələrinə ötürülməsi ilə bağlı da mexanizm yoxdur”.
R.Abbasbəyli hesab edir ki, vəfat etmiş şəxsin müəyyən öhdəliklərinin vərəsələrə keçməsi nəzərə alınırsa, pensiya kapitalının yığım hissəsinin də müəyyən məbləğinin vərəsələrə verilməsi daha ədalətli yanaşma ola bilər:
“Mənim bununla bağlı bir neçə dəfə mövqeyim olub. Əgər vəfat etmiş şəxsin vergi, kredit və hətta kommunal öhdəlikləri müəyyən hallarda vərəsələrinin üzərinə düşürsə, o zaman yığılmış pensiya kapitalının da sığorta hissəsi deyil, yığım hissəsinin müəyyən məbləği vərəsələrə verilməlidir. Borc öhdəliyi vərəsələrə ötürülürsə, toplanmış kapitalın da vərəsələrə verilməsi daha ədalətli yanaşmadır”.
İqtisadçı qeyd edib ki, bununla bağlı müxtəlif təkliflər səsləndirilsə də, hazırda məsələ üzrə konkret qanun layihəsi və onun müzakirəsi yoxdur.
“Belə bir mexanizm mümkündürmü?” sualına cavab olaraq Razi Abbasbəyli bunun dünya təcrübəsində tətbiq olunduğunu bildirib:
“Əlbəttə, mümkündür. Dünya təcrübəsində, hətta Cənubi Qafqaz və Baltikyanı ölkələrdə belə mexanizmlər mövcuddur. Azərbaycanda da qanunvericiliyə müvafiq dəyişiklik edilərsə, pensiya kapitalının, məsələn, 50 faizinin yığım hissəsindən vərəsələrə ötürülməsi mexanizmi yaradıla bilər. Lakin hazırda bunun üçün hüquqi əsas yoxdur”.
Aynurə İsmayıl
KONKRET.az
