Pivə həqiqətən zərərsizdir? – Yayılan fikirlərə aydınlıq gətirildibackend

Pivə həqiqətən zərərsizdir? – Yayılan fikirlərə aydınlıq gətirildi

Bir çox insan pivəni digər spirtli içkilərlə müqayisədə daha yüngül və sağlamlıq üçün az riskli hesab edir. Xüsusilə isti havalarda və gündəlik istirahət zamanı daha çox seçilən bu içkinin təhlükəsiz olduğu barədə cəmiyyətdə geniş yayılmış fikir mövcuddur.

Bəs pivə həqiqətən digər spirtli içkilərdən daha zərərsiz hesab oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, pivənin zərərsiz olması ilə bağlı formalaşan təsəvvür yanlışdır.

Bu məhsulları alarkən diqqətli olun, əks halda… | KONKRET

Onun sözlərinə görə, pivə də digər içkilər kimi spirt tərkiblidir və davamlı istifadə olunduqda orqanizmə mənfi təsir göstərir.

“Ümumiyyətlə, pivənin zərərsiz olması ilə bağlı hər hansı əsaslı fikir yoxdur. O da spirtli içkidir və müntəzəm istifadə edildikdə müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Burada əsas məsələ içkinin növü deyil, qəbul edilən ümumi alkoqolun miqdarıdır”, – deyə ekspert vurğulayıb.

İ. Şirinov qeyd edib ki, pivənin tez-tez qəbulu artıq çəki və piylənmə riskini artırır.

“Bundan əlavə, bu vərdiş qaraciyərin zədələnməsinə, hətta qaraciyər sirrozuna, eləcə də ürək-damar sistemi xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Pivə yüksək kalorili içki hesab olunur və onun yaratdığı asılılıq bəzən digər spirtli içkilərdən də güclüdür. Uzun müddət pivə qəbul edən bəzi insanlarda yaddaş pozğunluqları da müşahidə edilir.

Pivə əksər hallarda duzlu çərəzlər, hisə verilmiş və ya qızardılmış balıq, toyuq məhsulları ilə birlikdə istehlak olunur. Bu isə orqanizmə əlavə duz, yağ və yüksək miqdarda kalori qəbuluna səbəb olur və sağlamlıq risklərini daha da artırır”.

Ekspert sonda vurğulayıb ki, spirtli içkilərin təhlükəsiz hesab ediləcək növü yoxdur və sağlamlığın qorunması üçün onların qəbulunun minimuma endirilməsi tövsiyə olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*