Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başlayan hərbi təcavüzünün davam etdiyi bir vaxtda Polşadan verilən açıqlama təəccüb doğurub. Belə ki, Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski lazım gələrsə Varşavanın birbaşa Rusiya-Ukrayna müharibəsinə daxil olacağını bəyan edib. Səfir Rusiyanın Ukrayna torpaqlarını qəsb etdiyini və insanları öldürdüyünü bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın müstəqilliyini müdafiə etdiyini vurğulayan Roşişevski, “rəsmi Kiyev bu gün öz müstəqilliyini qoruyacaq, əks halda sivilizasiyamızın təməli olan fundamental dəyərlərimiz təhlükə altında olacaq. Belə məqamda biz bu münaqişədə iştirak etməli olacağıq, başqa çarə yoxdur”, – deyə bildirib.
Bu arada Polşanın Fransadakı səfirliyi Roşişevskinin sözlərinin kontekstdən kənar şərh edildiyini açıqlayıb. Bildirilib ki, səfir müsahibəsində yalnız Rusiya təhlükəsini vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
