“Prezident sarayı bombalansa belə Bəşər Əsəd binada olmayacaq” – İsrailin təhdidi nəyə hesablanıb?backend

“Prezident sarayı bombalansa belə Bəşər Əsəd binada olmayacaq” – İsrailin təhdidi nəyə hesablanıb?

İsrail Suriya Prezidenti Bəşər Əsədə İranla əməkdaşlığı dayandırmaq və ya azaltmaq barədə xəbərdarlıq edib. Əks halda Prezident Sarayı və digər əhəmiyyətli obyektləri bombalayacağı ilə hədələyib. İsrail tərəfindən belə bir açıqlamanın verilməsi İranda birmənalı qarşılanmayıb. İndi dünyanın diqqəti iki tərəf arasındakı gərginliyin necə cərəyan edəcəyinə və İsrailin təhdidi həyata keçirib-keçirməyəcəyinə yönəlib.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Suriya illərdir İsrail tərəfindən bombalanır: “İllərdir Suriyadakı İran obyektləri hədəf seçilir. Bunun davam etməsi təəccüblü deyil. Bəşər Əsədin İsrailin təhdidinə görə İranla münasibətləri azaldacağını düşünmürəm. Çünki Bəşər Əsədin hakimiyyətdə qalmasının əsas səbəbkarı məhz İrandır. Onun qardaşı Mahir Əsəd də İrana çox bağlı şəxsdir. Bir sözlə İranın Suriyaya təsir və təzyiq rıçaqları çox güclüdür. Ona görə də, İsrailin təhdidlərinə önəm verilməyəcək”.

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Politoloq əlavə edib ki, İsrail İranla münasibətlərin azalıb-azalmayacağına baxmayaraq, Suriyanın hava məkanında əməliyyatlar aparacaq: “Prezident Sarayının da bombalanması mümkündür. Amma burada məsələ Bəşər Əsədi məhv etmək olsaydı, İsrail belə bir təhdidi açıq şəkildə səsləndirməzdi. Bu o deməkdir ki, saray bombalansa belə Əsəd binada olmayacaq. Artıq Suriya bölünən və kağız üstündə olan bir dövlətdir. Ona görə də Suriya kimi bir dövlətin Prezident Sarayının bombalanması heç bir təəccüb doğurmamalıdır”.

Əhəd Məmmədli bildirib ki, İran bütün bu məsələlərə sadəcə müəyyən şüarlarla cavab verəcək: “Rusiya təəssüfünü bildirəcək, İran isə ən yaxşı halda “qisas alacağıq” kimi ifadələrlə yekunlaşacaq. Çünki indiyə qədər İsrail tərəfindən İranın hərbi obyektləri bombalanıb. Lakin rəsmi Tehran bunların heç birinə İsraili vurmaqla cavab verməyib. Tehran ən uzağı təhdid edə bilər. Bunu isə İsrail çox gözəl bilir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*