Prezidentin Azərbaycan üçün “YOL XƏRİTƏSİ” – İLGİNC DETALLARbackend

Prezidentin Azərbaycan üçün "YOL XƏRİTƏSİ" - İLGİNC DETALLAR

Bölgədə neoimperialist maraqlar güdən, Ermənistandan alət kimi istifadə edənlərə sərt xəbərdarlıq; Zəngəzur dəhlizinə və COP29-a qarşı kampaniya aparanların ifşası davam edəcək

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı və bu çıxışda Qərbə, Ermənistana verdiyi çox mühüm mesaj və xəbərdarlıqlar yəqin ki, hələ bir müddət xaricdəki lazımi ünvanlarda təhlil ediləcək, nəticələr çıxarılacaq. Xüsusən də Prezidentin o sözləri ki, daha heç kim Azərbaycanla ultimatum və şantaj dilində danışa bilməyəcək.

İlham Əliyevin vurğuladığı kimi, son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Bununla belə, türkofobiyadan, islamofobiyadan doğan “ikili standartlar” əsasında qurulmuş ittihamlar davam edir. Ancaq Prezidentin söylədiyi kimi, bu, nə bizim iradəmizə, nə də xalqımızın iradəsinə heç cür təsir edə bilməz: “Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Dövlət başçısı habelə müasir dünyamızın daha bir acı reallığına diqqət çəkdi. Bildirdi ki, beynəlxalq hüquq anlayışı artıq tam sarsılıb, 2-ci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər də.

“Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”, – Prezident qeyd edib.

Bu əslində yaxın və orta perspektiv üçün Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini qoruyub saxlamaq, əhalimizin təhlükəsizliyini təmin etməyin “yol xəritəsi”dir. Yəni “barıtımızı” daima quru saxlamalı, heç vaxt arxayınlaşmamalıyıq. Prezidentin vurğuladığı kimi, xüsusən də o səbəbə ki, Ermənistanda revanşist qüvvələr təzədən baş qaldırmaqdadır. “Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər”, – dövlət başçısı vurğulayıb.

“Yol xəritəsi”nin əsasında duran daha bir mühüm element-test, İlham Əliyevin ifadə elədiyi kimi, “kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır”.

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında Ali Baş Komandanın təcavüzkara xəbərdarlığının Ermənistana addımlarını daha diqqətlə atması üçün ciddi əsas olacağını qeyd etdi: “Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışı Azərbaycanın güc, qüdrət və imkanlarının inikas olunduğu və ölkəmizin diktə edən hərbi-siyasi güc kimi nüfuzunun bir daha əks olunduğu reallıqlarının bəyanı hesab olunmalıdır. Bildiyiniz kimi, dövlət başçımızın çıxışı Azərbaycanın və bütövlükdə regionun təhlükəsizlik konfiqurasiyasından tutmuş, münasibətlər, iqtisadi, siyasi, sosial aspektlər də daxil, bütövlükdə ümumbəşəri maraqları ehtiva edən bütün sferaları əhatələdiyi üçün əslində regionun gələcək inkişaf konsepsiyası üçün həm də yol xəritəsi xarakteri daşıyırdı. Lakin aydındır ki, dövlət başçımızın çıxışında əsas diqqət regionun təhlükəsizlik arxitekurasına yönəldi və bu proseslər daha çox Azərbaycanla Ermənistan və Qərb imperializminin Azərbaycana münasibəti üzərində təhlil edildi və aidiyyəti istiqamətlərə Azərbaycan lideri tərəfindən xəbərdarlıqlar olundu. Dövlət başçımız açıq şəkildə vurğuladı ki, Vətən müharibəsi və antiterror tədbirlərində şanlı zəfərlərimizdən sonra Azərbaycanın hazırkı dərinləşən ziddiyyətlər fonunda gərgin situasiyaya baxmayaraq mövqeyi daha da möhkəmlənib. Xüsusən ölkəmizdə həyata keçirilən güclü ordu quruculuğu prosesi, qurulan yeni müdafiə sənayesi sistemi, habelə çoxsaylı əks həmlələrə baxmayaraq Azərbaycanın beynəlxalq münasibətlər platformasında ard-arda qazandığı qələbələr artıq bizi istəməyən qüvvələrin belə regionda Azərbaycanın hərbi-siyasi güc kimi imkanları və mövqeyi ilə hesablaşmasına gətirib çıxarıb. Lakin cənab Prezident onu da qeyd etdi ki, bu gün arxayınlaşmaq üçün heç bir səbəb yoxdur. Xüsusən Ermənistanda hələ də revanşist ab-havanın mövcudiyyəti, o cümlədən Qərb imperializminin Ermənistanı durmadan silahlandırması, açıq və gizli şəkildə, bu və ya digər formada hərbi-siyasi dəstəyin verilməsi fonunda Azərbaycanın yeganə yolu daha güclənmək, hərbi-siyasi imkanlarını daha da artırmaqdır. Yəni dövlət başçımız bundan sonra da hərbi imkanlarının artırılması istiqamətində tədbirlərin davam edəcəyini və daha da gücləndiriləcəyini gizlətmədi. Bu isə öz növbəsində bölgədə neoimperialist maraqlar güdən, yaxud Ermənistandan alət kimi istifadə edərək regionda öz təcavüzkar maraqlarını təmin etmək istəyən qüvvələrə qalib dövlətin müzəffər lideri tərəfindən aydın və birmənalı xəbərdarlıq idi. 3 il ərzində Ermənistanı və dolayısı ilə havadarlarını iki dəfə kapitulyasiyaya məcbur edən bir liderin bu kimi bəyanatları, heç şübhəsiz ki, aidiyyəti beynəlxalq subyektlər tərəfindən diqqətlə izlənilir. Heç şübhəsiz ki, bu xəbərdarlıq təcavüzkar beynəlxalq subyektlərin, o cümlədən Ermənistanın addımlarını daha diqqətlə atması üçün ciddi əsas olacaq”.

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə, yazıda qeyd olunanlardan əlavə, Azərbaycan Prezidentinin çıxışının digər istiqamətlərinə də toxundu və çox mühüm sitatlar gətirdi: “Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə çıxışı zamanı təhlükəsizlik siyasətini əhatə edən mesajlar verib. Birincisi, İlham Əliyev Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlı qalmasının doğru olduğunu bildirib: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Sərhədləri bağlı qalmasının Azərbaycanı xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. İkincisi, İlham Əliyev Qərbin Ermənistanı silahlandırdığını dedi: “Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah-sursat göndərilir. Bir sıra Qərb ölkələri Ermənistanı Azərbaycana qarşı silahlandırır. Onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər”. Üçüncüsü, xarici dairələrin Azərbaycana qarşı yeni planlar hazırladığını söylədi: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Prezident eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq. Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib. Dövlət başçısı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını bununla əsaslandırıb. “Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi” deyən dövlət başçısı böyük ehtimalla təhlükə barədə kəşfiyyat məlumatlarına əsaslanıb. Prezidentin “hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır” cümləsi ondan xəbər verir ki, yaxın müddətdə quru sərhədlər açılmayacaq. Deməli, hələ müxtəlif təhlükələrdən qurtulmamışıq. Dövlət başçısı qəti əmindir ki, bir sıra Qərb ölkəsi Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qafqaz siyasətində dəyişən heç nə yoxdur. Ermənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azərbaycan qarşısında duruş gətirə bilsin. Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı olmadığını bildirsə də, o ordusuna tam nəzarət edə bilmir, özü də bir neçə dəfə deyib ki, “Ermənistan ordusunda beşinci kolon” mövcuddur. Bu isə o deməkdir ki, həmin beşinci kolon müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər. İlham Əliyev Azərbaycana qarşı media kampaniyasından danışarkən, “xarici dairələr Azərbaycana qarşı yeni planlar hazırlayıblar” cümləsini işlədib. Yəni “xarici dairələr” dedikdə bura Qərbdəki dairələrlə yanaşı İrandakı mühafizəkar dairələri də aid etmək olar. Çünki Azərbaycana qarşı qarayaxma və media kampaniyasını İrandakı dairələr də həyata keçirirlər. Həmin dairələr Zəngəzur dəhlizinə qarşı bütün güclərini səfər ediblər. Halbuki Zəngəzur dəhlizi bölgəyə sülh və əməkdaşlıq gətirəcək. Azərbaycana qarşı media kampaniyasının arxasında Bakıda noyabr ayında keçiriləcək COP29 tədbiri də dayanır. Bakıda bu kimi tədbirlərdən əvvəl hər zaman belə kampaniyalar həyata keçirilib”./“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*