Azəristiliktəchizat yaşayış və qeyri-yaşayış sahələrində sayğacların quraşdırılmasına başlayacaq. Artıq tariflər əvvəlki kimi mənzillərin sahəsinə görə hesablanmayacaq. Yəni sayğaclar nə qədər pul yazsa, abonent də həmin məbləği ödəyəcək. Bəs görəsən belə bir yenilik abonentlər üçün hansı üstünlüklər qazandıracaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, tariflərin, eləcə də istilikverilmə qaydalarının hansı formada həyata keçiriləcəyi ilə bağlı rəsmi qurumlar tərəfindən öncədən açıqlama verilsə daha yaxşı olardı: “Sayğaclaşma yekunlaşdıqdan sonra bunu göstərilən xidmətin maya dəyərinin yüksəlməsi kimi qələmə verərək qiymətləri artıra bilərlər. Ümumilikdə əgər bu proses abonentlərin marağına toxunacaqsa və qiymət artımı ilə nəticələnəcəksə, o zaman ciddi etirazlarla qarşılanacaq. Əksinə sayğaclaşmadan sonra verilən istiliyin qiyməti vətəndaşları qane edəcək səviyyədə, yəni daha aşağı tariflərlə hesablanacaqsa, o zaman proses təqdir olunacaq”.
Natiq Cəfərlinin sözlərinə görə, bəzi hallarda iki otaqlı mənzildə 5-6 nəfər qeydiyyatda olduğundan və istilik tarifi adambaşına hesablandığından vətəndaş daha çox ödəniş edirdi: “Doğurdan da verilən istiliyin həcmi və tarifi qaneedici səviyyədə olacaqsa, bu zaman az kvadratlı və çox qeydiyyatlı mənzillərə sərf edəcək. Yox əgər proses tariflərin artırılması üçün başladılıbsa, onda bu, qəbuledilməzdir. İndiki sosial vəziyyəti nəzərə alsaq vətəndaşlara əlavə yük olacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az