Rusiya Prezidenti Vladimir Putin dünyada vəziyyətin nəzərəçarpacaq dərəcədə mürəkkəbləşdiyini, o cümlədən MDB ölkələrinin sərhədləri yaxınlığında yeni qeyri-sabitlik ocaqlarının yarandığını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 58-ci iclasının iştirakçılarına müraciətində danışıb.
Putin bildirib ki, Yaxın Şərqdə davam edən böhran fonunda MDB ölkələri arasında koordinasiya daha da gücləndirilməlidir. O, vurğulayıb ki, təhlükəsizlik orqanları arasında məlumat mübadiləsinin artırılması, həm xarici, həm də daxili təhdidlərə qarşı birgə fəaliyyətin genişləndirilməsi vacibdir.
Rusiya liderinin sözlərinə görə, hazırkı şəraitdə terrorizm, ekstremizm, transmilli cinayətkarlıq və kibertəhdidlərə qarşı mübarizə əsas prioritetlərdən biri olaraq qalır.
Putin əlavə edib ki, regional təhlükəsizliyin qorunması üçün MDB məkanında xüsusi xidmət orqanlarının əməkdaşlığı həlledici əhəmiyyət daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az
