PRusiya Prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, Kremlin mətbuat xidməti Ermənistanın keçmiş prezidentinə göndərilən təbrik teleqramını “Maks” platformasında yayımlayıb.
Erməni siyasətçinin 72 yaşı tamam olub. Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub.
Avqustun 27-də Robert Köçəryan hakimiyyətdə olduğu dövrdə korrupsiya ittihamı ilə həbs edilib.
Putin təbrik teleqramında qeyd edib ki, Köçəryan Rusiya ilə dostluq və müttəfiqlik əlaqələrinin inkişafına töhfə verib.
Rusiya lideri keçmiş prezidentə “möhkəm can sağlığı, mənəvi güc və qarşılaşdığı sınaqlar qarşısında dözümlülük” arzulayıb.
Qeyd edək ki, Ermənistan məhkəməsi avqustun 27-də Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl onun böyük oğlu Sedrak Köçəryan da həbs edilib.
Ermənistanın keçmiş prezidenti və müxalif “Ermənistan” alyansının liderinə xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.
Köçəryanın kiçik oğlu, “Ermənistan” fraksiyasından olan parlament deputatı Levon Köçəryanın evində də axtarış aparılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl siyasətçinin saxlanılması barədə şəxsən göstəriş verdiyini açıqlayıb.
Natiq Səlim,
KONKRET.az
