Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) rəsmi Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq barədə yayılan iddialara aydınlıq gətirib. Rusiya lideri İrana silah ötürülməsi barədə ittihamları qəti şəkildə təkzib edib.
KONKRET.az xəbər verir ki, Putin Rusiyanın İrana hər hansı bir hərbi dəstək vermədiyini bəyan edib: “Biz İrana silah-sursat qrupundan heç nə tədarük etməmişik”.
Rusiya Prezidenti ABŞ və İsrail ilə yaşanan münaqişələr zamanı Rusiyanın İrana kosmik peyk məlumatlarını ötürməsi barədə səsləndirilən ittihamlara da münasibət bildirib. Putin qeyd edib ki, iranlılar kəşfiyyat və koordinat məlumatlarını təkcə Rusiyanın deyil, həm də qlobal bazarda mövcud olan digər kommersiya peyklərindən rahatlıqla əldə edə bilərdilər.
Bununla yanaşı, iki ölkə arasındakı iqtisadi və enerji əlaqələrinə toxunan Rusiya dövlət başçısı mühüm bir məqamı diqqətə çatdırıb. O qeyd edib ki, İranda mövcud olan ümumi hərbi-siyasi vəziyyət tamamilə normallaşdıqdan sonra Rusiya bu ölkədə Atom Elektrik Stansiyasının (AES) inşası layihəsini davam etdirəcək.
Natiq Səlim,
KONKRET.az
