Qan yükümüzbackend

Qan yükümüz

Toplumları millət olaraq formalaşdıran dil, din, əxlaq, adət-ənənə, vərdişlər, zövqlər, sənət, hüquq, milli tarix şüuru, hansısa bir ideya ətrafında birləşməsi və sənət əsərlərində ortaya çıxan ahəngin hamısına birgə milli mədəniyyət deyilir. Hər bir toplumun millət halına gəlməsi üçün milli mədəniyyətə sahib olmaları ən birinci şərtdir. Milli mədəniyyəti olmayan toplumlar millət kimi formalaşmadığı kimi, başqa millətlərin mədəniyyətlərində “əriyərək” yox olmağa məhkumdurlar.

Bir ölkəni daxildən yıxmaq üçün, onun milli adət-ənənəsini, milli mədəniyyətini hədəfə alaraq, köklü şəkildə sarsıtmaqla, həmin ölkəni viran qoymaq mümkündür. Həmişə bir ölkəni yıxmaq istəyən DÜŞMƏN ən əvvəl bu istiqamətdə həmlə edir. Milli mədəniyyətini qoruya bilməyən xalqlar, dediyim kimi məhv olmağa məhkumdurlar. Məhz buna görə də, hər bir millər var olmaq üçün, öz milli mədəniyyətinə sahib çıxmağı bacarmalı, onu qorumalı və təbliğ etməlidir. Çünki əks halda silahlı hücuma məruz qalmasa belə, daxildən yıxılacaq.

İnsan hər cür duyğu və düşüncəyə sahib olan bir unikal varlıqdır. Buna görə də insanın əhatəsində daim yaxşı, gözəl, doğru və faydalı fikirlərin təbliği lazımdır. İnsanları, xüsusən də uşaqları və gəncləri mənfi xəbərlərlə təsirləndirib, onlara zərər verən çevrədən qorumaq vacibdir.

Başqa vaxt küçədə qarşılaşanda salam belə verməyəcəyimiz adamlar, artıq evimizdə, süfrəmizin başında əyləşiblər və gün ərzində öz əxlaqlarına uyğun davranışları bizə təlqin edirlər. Necə? Çox sadə…

Hər kəsin cibindəki telefonda, evindəki televiziyada, işdəki kompüterində oxuduğu, baxdığı bütün informasiyaları bizə məhz belələri təqdim edir. Üzeyir Hacıbəyov artıq yada düşmür, Üzeyir Mehdizadə isə 10 milyon baxış yığır və hətta siyasətçilərimiz üçün söhbət mövzusu da ola bilir.

SiZcə, bütün bunlar necə baş verir ki?

Bıçaq cərrah əlində şəfaya, qatil əlində isə ölümə çevrilir. GÜCLƏR tərəfindən media sahəsində maliyyələşdirilərək önə çəkilənlər kimlərdir və əsasən nəyi yayırlar?

Bunu unutmaq olmaz ki, düşmən təkcə torpağımıza, var-dövlətimizə göz dikənlər deyil. Düşmən həm də cəmiyyətimizin gələcəyini bərbad etməyə hesablanmış hiylələrlə bizi daxildən yıxmağa çalışanlardır. Belə düşmənlər bir tərəfdən milli mədəniyyətimizi yıxmağa çalışır, digər tərəfdən isə gənclərimizi siqaret, alkoqol, narkotik və qumar kimi zərərli vərdişlərə həvəsləndirir. Bu yolda da kifayət qədər uğur qazanıblar.

Bu gün məmləkətimizdə istənilən xəbər saytını açdıqda, insanlara intim məsləhətlər verən reklam rolikləri, hansısa bir faydalı xəbəri də oxumağa imkan vermir. Vaxtaşırı narkotikin, marixuananın insan orqanizminə olan faydalarından söz açılır, söz azadlığı altında əxlaqsızlıq nümunələri təbliğ olunur.

Hamının əla tanıdığı, gəncliyində bir neçə ailəni bərbad qoyan insanlar, TV-lərdə insanlara ailə dəyərlərindən söz açır, hansısa fağır vətəndaşı efirə çıxarıb gülünc vəziyyətə salmaqla, şəxsi həyatına aid məsələlərdə ona “müəllimlik” etməyə çalışır.

Bütün bunlar isə əslində düşmən dəyirmanına su tökməklə, özünə ömür-gün qurmaqdan başqa bir şey deyil.

Ona görə də, artıq cəmiyyətimizdə yayılan “mən öz qapımdan içəri, öz evimə cavabdehəm” məsəli artıq öz gücünü itirib. Çünki, artıq hər ev təhlükədədir, hər bir ev potensial “qurbandır”.

Bunun qarşısı almaq üçün isə, xalq öz milli kimliyini dərk etməli, millətinə, milli dəyərlərinə sahib çıxmalıdır.

Milliyətçilik bir insanın öz millətinə sevgi və sədaqətlə bağlı olması, millətinin adının ucalması üçün əlindən gələni əsirgəməməsidir. Milliyətçilik irqçilik deyil. İrqçilik başqa millətlərin düşmənliyinə və öz millətinin məhvinə səbəb olur.

Milli şüur hansısa bir millətin varlığının, sadə insan kütləsi olmayıb, eyni mədəniyyətə və eyni ideyaya sahib olan bir insan toplumu olduğunu göstərən amildir.

Ona görə də, indiki vəziyyətdə biz milli şüura, milli tarixə, adət-ənənəyə, milli mədəniyyətə sahib çıxmalı, bizə düşmən kəsilənlərlə ayıq-sayıq mübarizə aparmalıyıq.

Nədənsə biz özümüzə kənardan baxa bilmirik. Əgər bunu bacarsaydıq, görərdik ki, tale bizi torpaq, namus-qeyrət, şərəf və ləyaqət davasından ayırıb, yalnız qarın davasına yönləndirib.

Hələ X əsrdə yaşayan fiolosof Məhəmməd Saleh Əli Yusifi özünün “Qan yükü” kitabında yazır:

“qan yükü çətin bir işdir. Bu yük vətənin və torpağın ən böyük və qüdrətli yüküdür. Gərək bu yükü çəkə biləsən. Bu yükü çəkmək üçün insanda 7 şey lazımdır:

  • mənsub olduğun milləti sevmək, onun yer üzündə doğum gününü bayram etmək;
  • insaflı ilə nainsafı ayırmaq;
  • millətin malına haram qatmamaq;
  • əxlaqını, şərəf və ləyaqətini satmamaq;
  • nəfsdən,yalandan,xəyanətdən gen durmaq;
  • iman və inamını əldən verməmək;
  • millətinin, xalqının ləyaqətli övladlarına dua etmək…

(M.S. Əli Yusifi. Qan yükü. Təbriz, 2004)

Biz kim idik… və kimlərə çevrilirik?

Düşünün cənablar, düşünün!!!

Cəmil MƏMMƏDLİ (KONKRET.az)

Bir cavab yazın