İlanlarla qarşılaşdıqda nə etməlisiniz? – Mütləq bu məsləhətləri dinləyinbackend

İlanlarla qarşılaşdıqda nə etməlisiniz? - Mütləq bu məsləhətləri dinləyin

Yay aylarında havaların istiləşməsi ilə birlikdə ilanların daha çox görünməsi insanların narahatlığına səbəb olur. Xüsusilə kənd və bağ sahələrində, eləcə də təbiət qoynunda istirahət edənlər ilanlarla qarşılaşma riskindən ehtiyatlanırlar.

Bəs ilanlardan qorunmaq üçün hansı tədbirlər görülməli, qarşılaşma zamanı necə davranılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan heyvanlar üzrə mütəxəssis Samir Məmmədov bildirib ki, ilanların yay aylarında fəallaşması tamamilə təbii və gözlənilən prosesdir.

Onun sözlərinə görə, qış aylarında qış yuxusuna gedən ilanlar havalar isinən kimi oyanaraq qida axtarışına çıxırlar:

“Yay aylarında ilanların görünməsi təbiətin qanunauyğunluğudur. Hər il yaz və yay mövsümündə onların fəallaşması normal ekoloji hadisə hesab olunur. İstər su, istərsə də quru ilanları bu dövrdə ov etməyə başlayırlar. Uzun müddət qidasız qaldıqları üçün daha hərəkətli görünə bilərlər. Lakin ilanların insanların yaşadığı ərazilərə qəsdən gəlməsi çox nadir hallarda baş verir. Onlar insanı ov kimi qəbul etmirlər”.

Ekspert qeyd edib ki, ilanlar əsasən köhnə tikililərdə, xarabalıqlarda, zirzəmilərdə və gizlənə biləcəkləri yerlərdə məskunlaşırlar:

“İlanlar günün ən isti saatlarında deyil, daha çox səhər tezdən və gün batımına yaxın aktiv olurlar. Bazarda satılan müxtəlif ilanqovucu dərman və cihazların təsirinin elmi cəhətdən sübut olunmuş effektivliyi yoxdur”.

Samir Məmmədovun fikrincə, ilanlardan qorunmağın ən etibarlı yolu ətraf mühitin təmiz saxlanılmasıdır:

“Həyətdə tullantılar, taxta parçaları, köhnə əşyalar və digər gizlənmə yerləri yaradacaq materiallar yığılmamalıdır. Hər hansı çat və boşluqlar bağlanmalı, xüsusilə toyuq-cücə saxlanılan yerlər mühafizə edilməlidir. İlanlar açıq ərazilərdə qalmağı sevmir, əsasən gizli məkanlarda yaşayırlar”.

Mütəxəssis ilanlarla qarşılaşdıqda təşvişə düşməməyi tövsiyə edib:

“Belə vəziyyətdə sakit qalmaq, ani hərəkətlər etməmək və ilanı qıcıqlandırmamaq lazımdır. Adətən ilan təhlükə hiss etmədikdə özü uzaqlaşır. Unutmaq olmaz ki, ilanlar ekosistemin vacib hissəsidir. Onlar gəmiricilərin sayının nəzarətdə saxlanılmasında mühüm rol oynayırlar. Təbiətdə hər canlının öz yeri var və insanlarla təbiət arasında balansın qorunması vacibdir”.

Mütəxəssis vurğulayıb ki, ilanları məhv etmək əvəzinə onlarla təhlükəsiz məsafəni qorumaq və təbiətlə harmoniyada yaşamağı öyrənmək daha düzgün yanaşmadır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*