“Qanunsuz tikililərə icazə verməmişəm” – Zəlzələdən dağıntısız xilas olan bölgənin bələdiyyə sədri – VİDEObackend

“Qanunsuz tikililərə icazə verməmişəm” – Zəlzələdən dağıntısız xilas olan bölgənin bələdiyyə sədri - VİDEO

Türkiyənin 10-dan çox şəhərində baş verən güclü zəlzələ böyük dağıntılara və insan tələfatına yol açsa da, bu təbii fəlakətdən yan keçməyi bacaran bölgələr də var. Belə bölgələrdən biri də zəlzələdə yerlə-yeksan olan Hatay şəhərinin Erzin ilçəsidir. Belə ki, zəlzələ ətraf şəhər və qəsəbələri dağıtsa da, bu bölgədə heç bir insan tələfatı qeydə alınmayıb.

KONKRET.az xəbər verir ki,  Erzin bələdiyyəsinin sədri Ökkeş Elmasoğlu yerli mediaya açıqlamasında bunun səbəbini belə izah edib: “Bizim heç bir binamız dağılmadığı üçün insan tələfatı və yaralılarımız da yoxdur. Amma az və orta səviyyədə zədə görən binalarımız mövcuddur. İki güclü zəlzələ fonunda, üstəlik Osmaniyyə və digər kəndlərin bura yaxın olmasına rəğmən bizdə böyük dağıntıların baş verməməsi sevindirici haldır. Təbii ki, bunun bir sıra səbəbləri var və mütəxəssislər araşdırma aparacaqlar. Amma Erzin daha çox müstəqil tikintilərin olduğu bir bölgədir. Burada 6 mərtəbədən artıq binaların tikintisinə icazə verilməyib. Üstəlik, biz qanunsuz tikililərin qarşısını almağa çalışmışıq. Bunu edənlərə də lazımı cəzalar vermişik. İndi bizim qarşımızda duran ən vacib məsələ belə fəlakətlər zamanı heç bir zədə görməyən binaları inşa etməkdir”.

Bələdiyyə sədri bildirib ki, bina tikintisi və zəlzələnin idarə edilməsi kimi məsələlər siyasi gündəmdən çıxarılmalı və insanların qaydalara uyğun binalar inşa etməsi təşviq olunmalıdır: “Qaydalara uyğun binalar inşa edilsə, nəinki 7,7 ballıq zəlzələyə, hətta daha güclü təkanlara da qalib gəlmək mümkündür. Amma bu məsələdə təkcə dövlətin yox, insanların da üzərinə çox böyük məsuliyyət düşür. Mən qanunsuz tikintilərlə mübarizə apardığım zaman “Türkiyənin ən düzgün insanı məgər sənsən?”, – deyə istehza edirdilər. Ona görə də, sadəcə bələdiyyələrin deyil, eyni zamanda dövlətin və insanların düşüncə dəyişikliyinə ehtiyac var. Çünki biz nə qədər mübarizə aparsaq da, insanlar qanunsuz tikinti üçün müxtəlif yollara əl atırlar. Ona görə də, dövlətin və bələdiyyələrin bu məsələ ilə bağlı ciddi tədbirlər görməsi lazımdır”, – deyə Erzin bələdiyyəsinin sədri fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*