“Hakimiyyət erməni ictimaiyyətini Qarabağ ermənilərinin kütləvi şəkildə təxliyəsinə və Ermənistana köçürülməsinə hazırlayır”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Serob Marutyan yazıb.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin bugünkü iclasındakı açıqlamalarına münasibət bildirib.
Paşinyan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətə toxunaraq, Azərbaycanın “aqressiv ritorikası davam edir” deyib.
Marutyan Paşinyanın erməni cəmiyyətinə ünvanladığı sətiraltı mesajları açıqlayıb.
“Bu, kifayət qədər ciddi xəbərdarlıq ifadəsidir. Faktiki, Ermənistanın indiki hakimiyyət orqanları erməni cəmiyyətini Qarabağ ermənilərinin mümkün təxliyəsinə tədricən “uyğunlaşdırmağa” çalışır.
Təbii ki, İrəvan müşahidəçi rolunda qalaraq, boş oturmayacaq. Ermənistan “120 min” insanın yaşamaq hüququnu təmin etmək üçün onların təxliyəsini və Ermənistana köçürməsini təşkil edəcək. Bu isə artıq o deməkdir ki, Qarabağ tamamilə boşaldılacaq. Bununla da Azərbaycan tərəfi ora maneəsiz daxil olmaq imkanı əldə edəcək. Rus sülhməramlıları isə erməni əhalisi olmadığından ərazini tərk edəcək.
Təəccüblüdür ki, artıq bu ssenari bir neçə gün əvvəl televiziyada yayımlanan “Müsahibə” verilişində Tatul Akopyanın çıxışında əksini tapıb.
Belə təəssürat yaranır ki, rəsmi İrəvan həqiqətən də erməni ictimaiyyətini Qarabağ ermənilərinin kütləvi şəkildə təxliyəsinə və Ermənistana köçürülməsinə hazırlayır. Onlar bu barədə dozalı məlumat verməklə sadəcə olaraq Ermənistan cəmiyyətini gözlənilən proseslərlə barışmağa hazırlayırlar.
Bir şey aydındır ki, nəsə baş verir. Bu, birmənalı olaraq Ermənistan və Qarabağın maraqlarına uyğun deyil”, – deyə Marutyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
