Ermənistanın keçmiş baş qərargah rəisi, KTMT-nin sabiq baş katibi, general-polkovnik Yuri Xaçaturov barəsində cinayət işi davam etdiriləcək.
KONKRET.az xəbər verir ki, məhkəmə müdafiə tərəfinin Xaçaturov barəsində cinayət təqibinə xitam verilməsi barədə vəsatətini rədd edib. Bununla belə, keçmiş generalın ölkədən çıxışına qadağa qoyulmayıb.
Xaçaturov keçmiş prezident Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan və keçmiş ərazi idarəetmə naziri Armen Gevorkyanla birlikdə Ermənistanda “1 mart” işi üzrə keçir.
Xaçaturovun hərbi keçmişi isə I Qarabağ müharibəsi ilə birbaşa bağlıdır. O, 1992-ci ilin aprelində Ermənistan Müdafiə Nazirliyinin sərəncamına göndərilib və 2-ci motoatıcı alayın komandiri təyin edilib. Rəsmi bioqrafiyasında onun Qarabağ istiqamətində gedən döyüşlərdə fəal iştirak etdiyi göstərilir.
1992-ci ilin sentyabrında isə Xaçaturov Ermənistan Sərhəd Qoşunları İdarəsinin rəisi və Silahlı Qüvvələr komandanının müavini vəzifəsinə gətirilib. Beləliklə, Azərbaycan torpaqlarının işğal edildiyi dövrdə Xaçaturov Ermənistanın yüksək vəzifəli hərbi komandirlərindən biri olub və Qarabağdakı hərbi əməliyyatlarda birbaşa iştirak edib.
2008-ci ildən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutan Xaçaturov sonradan KTMT-nin baş katibi postuna qədər yüksəlib.
“1 mart” işi üzrə Xaçaturov barəsində təqib 2021-ci ildə dayandırılmış, 2024-cü ilin sentyabrında isə yeni hüquqi tövsiflə yenidən başlanmışdı.\\musavat.com
