Qarabağ müharibəsi dünyanı bu səbəblərə görə heyrətə saldı – AKİF ƏLİbackend

Qarabağ müharibəsi dünyanı bu səbəblərə görə heyrətə saldı - AKİF ƏLİ

Akif ƏLİ, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist

Dünyanın diqqəti Azərbaycandadır. Ölkədə müharibə gedir. Vətən müharibəsi!

Yenə də: “Hər şey Cəbhə üçün, hər şey Qələbə üçün!”

Hərbi və diplomatik meydanda hadisələri məharətlə idarə edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa növbəti müraciəti zamanı düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumat verdi. Bu məlumat digər ölkələr üçün adi müharibə statistikası olsa da, bizim üçün çox dəhşətli faktlardır. Çünki biz müharibənin içindəyik, ölüm-itimin, qan-qadanın tən ortasındayıq və “adi müharibə statistikasının” bizim taleyimiz üçün həlledici amili var.

Hələ ilkin hesablamalara görə məlum olur ki, Azərbaycan Ordusu düşmənin 241 tankını məhv edib, 39 tankını hərbi qənimət kimi götürüb. Bundan başqa  düşmənə məxsus piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. 17 ədəd özüyeriyən artilleriya qurğusu, 198 top, 58 minaatan məhv edilib. 12 minaatan, 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə, 70 “Qrad” qurğusu, iki “Uraqan”, iki “YARS”, bir TOS və dörd “S-300” zenit-raket kompleksi, üç TOR zenit-raket kompleksi, qırxadək OSA zenit-raket kompleksi, beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi – “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi, 198 yük avtomobili məhv edilib. Külli miqdarda hərbi sursat, 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.

Həqiqətən dəhşətli statistikadır! Bu statisitikanın ona görə bizim taleyimiz üçün həlledici amili var ki, onlar, milyardlarla dollar qiyməti olan bu bahalı hərbi texnika, döyüş kompleksləri, hərbi qurğular bizi – Azərbaycan xalqını qırmaq, öldürmək, məhv etmək, yer üzündən silmək məqsədilə ərazimizə gətirilmişdir. Ali Baş Komandanın qətiyyətli iradəsi ilə qəfil hücuma keçən qüdrətli Ordumuz bütün bu ölüm maşın-mexanizmini darmadağın etməsə idi, Azərbaycanı nə böyük fəlakətlər gözləyirmiş!

…Müharibə hələ davam edir və igid oğullar düşməni iti qovan kimi qovmaqdadır. Məsələni hərb meydanından hüquq müstəvisinə gətirib nəzərə alanda ki, işğal edilmiş torpaqlarda və Ermənistan ərazisində yenə tanklar, toplar, raketlər, hərbi maşın-mexanizmlər, silahlar var, o zaman haqlı sual doğur: ölkələrdə silahlanmanı tənzimləyən beynəlxalq konvensiyalara riayət olunması üçün monitorinq aparan qurumlar bəs hara baxırmış?! “Öz müqəddəratını təyin edən” bir ovuc “məzlum və zavallı” Qarabağ ermənisi bu qədər silah sursatı hardan, necə alıb? Hədiyyədirsə, kim və niyə bağışlayıb? Yox, əgər onlar Ermənistana məxsusdursa, bəs bizim ərazimizdə niyə? Bu fakt Ermənistanın hərbi işğalçılıq siyasətinin sübutu deyilmi? “Ədalətli dünya” hara baxır?! O qədər silah-sursatı yığıb Azərbaycan xalqını qırıb-çatmaq istəyən düşmənin bu torpaqlarda izi birdəfəlik silinməzmi?!

Əslində, müharibə, daha doğrusu bu müharibədə Azərbaycan Ordusunun qələbəsi bir yox, bir çox digər haqlı suallar və maraqlı məqamlar da üzə çıxardır. Dünyanın “demokratik güc mərkəzlərinin” fəaliyyətində nəinki ikili, hətta üçlü-dördlü standartların olduğunu, haqqın-ədalətin isə heç olmadığını göstərir. Məlum olur ki, alçaq düşmən ötən illər ərzində nəyə görə bu qədər qürrələnirmiş, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırmış, azərbaycanlıları hər fürsət düşəndə təhqir etməkdən belə çəkinmirmiş. Çünki arxası həmin “demokratik güclərə” bağlı idi. El məsəli var: “İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir.” Ancaq qəflətən biri çıxıb onun təpəsindən yumruq  ilişdirərək, iti qovan kimi qovanda və o dabanlarına tüpürüb qaçanda bilinir ki, əsil həqiqət hardadır…

Bax, bu həqiqəti Azərbaycan Ordusu dünyaya göstərdi. Düşmənin 30 il ərzində qurduğu müdafiə xəttini 3 həftə içində yarıb keçən zaman başqa bir həqiqət üzə çıxdı. Biz bildiklərimizi dünya da gördü, bildi. Gördü ki, sən demə ermənilər uzun illər ərzində “sülh danışıqları” aparsalar da, əslində işğal etdikləri əraziləri qaytarmağı düşünmür,  sadəcə yalandan imitasiya ilə məşğul olurmuş. Arxada isə öz işini görürmüş.

Bilindi ki, bu işi görmək üçün ona digər saxtakarlar və yalançılar da kömək edirmiş. Hamısı xəlvəti baş-başa verib işğal olunmuş torpaqlarda, xüsusən “Dağlıq Qarabağ” adlandırılan ərazinin ətrafına çəpər çəkirmiş, mühəndis kommunikasiyalarından, möhkəmləndirici qurğulardan, beton maneələrdən, tunellərdən, səngərlərdən ibarət “təhlükəsizlik zonası” yaradırlarmış. Məzlumlar “öz müqəddəratını” beləmi həll edirmiş?

Artıq gizlin deyil və hər şeyi öz adı ilə çağırmaq lazımdır – bütün bunlar Rusiya, Fransa və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun gözü qarşısında və iştirakı ilə baş verib. Onların gözü qarşısında Ermənistan həm qeyri-qanuni həddə silahlandırılmış, həm də işğal zonasında istehkamlar qurulmuşdur. 30 il ərzində bölgəyə “sülh yaratmaq üçün” gəlib-gedən Minsk qrupunun həmsədrləri Azərbaycanın başını qatmaqla, erməni işğalının möhkəmlənməsinə şərait yaratmışdır.

Tez-tez “təmas xəttində monitoprinq aparmağa” gələn qəribə simalı Anjey Kasprşik isə tülkü siyasilərin əl buyruqçusu olaraq “qoçu Əskərin” yanında gəzdirdiyi “Baloğlan” funksiyasında prosesləri “dala-qabağa sürürdü”. O hər dəfə “təmas xəttinə” gedib yoxlama aparandan sonra, gəlib bizim xarici işlər idarəsindəkiləri arxayın salırdı ki, hər şey yaxşıdır, hər şey plan üzrə gedir, narahat olmayın və s. Ona inanıb sidq-ürəkdən “əsil Azərbaycansayağı qonaqpərvərliklə” yola salanlar da camaata səbr, dözüm məsləhəti verə-verə 30 ili beləcə yola verdilər…

İndi budur! Xalq özü ayaq üstədir! Heç bir vasitəçilərsiz! Və hər şey də göz qabağındadır: başımızın altına yastıq qoyan Minsk Qrupu 30 il ərzində işğalı aradan qaldırmaqla yox, işğal zonasında ermənilərin mövqeyini möhkəmlətməklə məşğul olublar. Rəsmi vasitəçilərin qeyri-rəsmi vasitəçiliyi ilə Ermənistan həm ifrat dərəcədə silahlanıb, həm də “zavallı Dağlıq Qarabağın” belinə dəmir-beton konstruksiyalardan ibarət dörd qat “təhlükəsizlik kəməri” çəkiblər.

Belədə bir çox haqlı və məntiqli suallar ortaya çıxır:

– 30 il ərzində özünün birbaşa funksiyasının əleyhinə fəaliyyət göstərməklə özünü diskreditə etmiş ATƏT-in Minsk qrupunun səlahiyyətləri avtomatik olaraq sıfırlanmış hesab deyilmi?

– Bundan sonra onların “sülhyaratma” funksiyasına inam qalmadığı üçün etibardan düşmüş hesab olunmurlarmı?

– 30 il ərzində BMT TŞ 4 Qətnaməsinin icrasına nail ola bilməyən Minsk qrupunun funksiyasını Azərbaycan Ordusu 3 həftə ərzində nail oldusa, Ali Baş Komandan saxta “təmas xəttini” və “status-kvonu” ləğv etdisə, ATƏT-in Minsk qrupunun da ləğvi zəruri olmadımı?

– Müharibədən sonra Anjey Kasprşik qarışıq bu avantürist qrup “beynəlxalq dələduzluq” maddəsi ilə məhkəməyə çəkilməməlidirmi?!

– İndi bizə hücumu dayandırmağı təklif etməklə 30 illik “danışıqlar prosesinin” yeni siklinimi başlatmaq istəyirlər?

– Dayanmaq və ərazilərimizi işğaldan azad etməməyimi deyirlər?

– Məğlub olmuş Ermənistana nə güzəşt ola bilər ki?

– Dəyişən dünyamızdakı yeni geosiyasi reallıqlar fonunda aktuallığını itirmiş və ləğv olunmuş “Dağlıq Qarabağın muxtariyyat statusunu” yenidən başımılza bəla kimi bərpa etməyimizimi istəyirlər?

…Onlar Azərbaycan xalqını, Azərbaycan Ordusunu və Azərbaycan Prezidentini, o cümlədən, obyektiv mövqe tutaraq Azərbaycanın haqq işini müdafiə edən Türkiyə, Pakistan, İsrail, Ukrayna və digər ölkələri bunca haqsız və ədalətsiz təklifləri qəbul edəcək, yeni avantüraya aldanacaq qədər sadəlövhmü hesab edirlər?!

Belə hallar üçün rusların yaxşı bir məsəli var, çox yerinə düşür: “Sam durak!” (“Сам дурак!”)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*