
Ramil Məmmədli: “Paşinyan siyasi dələduzluq edərək, Azərbaycan hakimiyyətini və diplomatiyasını provakasiyaya çəkir”
Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən sərsəm və provakasiya xarakterli açıqlama ilə çıxış edib. Özünü Ermənistanda baş verən inqilabın lideri hesab edən Paşinyan bu dəfə guya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantını səsləndirib. Onun səsləndirdiyi variantı gözdən keçirdikdə, nəinki Azərbaycan tərəfi , o cümlədən sıravi ermənilər də uydurma bir nağıla qulaq asdıqlarının fərqinə varırlar. Belə ki, düşmən ölkənin baş naziri münaqişənin həllində istənilən qərarın Ermənistan və Azərbaycan xalqlarının, eləcə də Dağlıq Qarabağın separatçı rejiminin maraqlarına uyğun olmasının vacibliyinə diqqət yönəldir. Bəli məhz separatçı rejimin maraqlarına… Görünür Paşinyan hələ də, nağıllar aləmində yaşayır və Azərbaycan hökumətinin qondarma Dağlıq Qarabağ rejimi ilə hər hansı bir danışıqlar aparacağına inanır, yaxud özünü bu xülyaya inandırmağa çalışır. Azərbaycan hökuməti isə dəfələrlə bəyan edib ki, qondarma və separatçı rejimlə heç bir danışıqlara getməyəcək və ümumiyyətlə, belə bir qurumu tanımır.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, özünü ağıllı sayan Paşinyan münaqişənin həllinə dair təklif etdiyi varianta Azərbaycan prezidentinin razılıq verəcəyini gözləyir, yaxud buna ümid edir. Bəli baş nazir səsləndirdiyi fikirlərində məhz bu cür deyir: “İndi gözləyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də eyni düsturu ifadə etsin”. Görünür, Paşinyan hələ də düstur hesablamağı öyrənə bilməyib. Əks halda Azərbaycan prezidentinin belə sərsəm açıqlamaya heç vaxt münasibət bildirməyəcəyini yəqin etmiş olardı.
Maraqlıdır, Paşinyanı bu cür məntiqsiz fikirlər səsləndirməyə nələr, yaxud kimlər vadar edir?
KONKRET.AZ –ın bu sualına hərbi ekspert Ramil Məmmədli olduqca məntiqli cavab verib. Ekspert bildirib ki, Dağlıq Qarabağ problemi başlandığı vaxtdan bu günə qədər münaqişənin həlli ilə bağlı dəfələrlə müxətil formada və düsturda təkliflər irəli sürülüb: “Paşinyanın bu təklifi məntiqsizliyi ilə heç də digər açıqlamalarından fərlənmir. Çünki Azərbaycan ilk gündən münaqişənin həlli ilə əlaqədar Dağlıq Qarabağa ən yüksək statusun verilməsi məsələsini diqqətə çatdırıb. Hətta bu barədə ölkə rəhbərliyi səviyyəsində çıxışlar edilib, diplomatik danışıqlarda sözügedən məsələ hər zaman vurğulanıb. Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərin mədəni və siyasi baxımdan yaşamaq hüququnu tanıyacağını, orada hər hansı bir konfliktin baş verməsinə imkan yaratmayacağını dəfələrlə bəyan edib. Lakin Paşinyanın səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, guya Azərbaycan indiyə qədər münaqişənin həlli ilə bağlı kompromisə getməyib. Əslində isə bu, tamamilə yalan və absurd bir açıqlamadır. Çünki Azərbaycan tərəfi ilk gündən münaqişənin həlli ilə bağlı kompromisə gedəcəyinə hazır olduğunu bildirib. Əgər güzəşt olmayacaqsa, o zaman torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacağını vurğulayıb”.
Ramil Məmmədli əlavə edib ki, Paşinyanın səsləndirdiyi fikirlər siyasi manipulyasiya və dələduzluqdur: “İkinci bir tərəfdən Dağlıq Qarabağ haqqının tanınması deyiləndə burada kimin nəzərdə tutulduğu qaranlıq qalır. Əgər ermənilər nəzərdə tutulursa, o zaman nəzərə alınmalıdır ki, münaqişə başlayan vaxt Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı həddindən artıq çox idi və baş nazir bundan xəbərdardır. Hesab edirəm ki, Paşinyan siyasi dələduzluq edərək, Azərbaycan hakimiyyətini və diplomatiyasını provakasiyaya çəkir və bu açıqlamaya reaksiya olmayacağı təqdirdə, beynəlxalq aləm qarşısında hay-həşir salmağı planlayır. Erməni nazir guya Azərbaycanın bu güzəşt fikirlərə müsbət reaksiya vermədiyini münaqişənin həllində vasitəçi olan ölkələrə göstərmək istəyir. Əslində isə Azərbaycan münaqişənin həlli ilə bağlı istənilən formada güzəştə hazır olduğunu bildirir və bu gün də eyni mövqedədir”.
Müşfiq ƏHMƏDOV
