Qəbiristanlıqda həmyerlisini 10 bıçaq zərbəsi ilə öldürən gəncə 10 il HƏBS CƏZASIbackend

Qəbiristanlıqda həmyerlisini 10 bıçaq zərbəsi ilə öldürən gəncə 10 il HƏBS CƏZASI

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mirsaleh Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttiham aktına əsasən, hadisə 2024-cü il avqustun 27-də saat 18:00 radələrində Bərdə rayonunda yerləşən uşaq incəsənət məktəbinin qarşısındakı parkda başlayıb.

Həmin vaxt 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynov bir neçə tanışı ilə parkda dayanaraq söhbət edirmiş. Bu zaman əvvəllər tanımadığı Bəhmən Hüseynov onlara yaxınlaşaraq səki üzərində dayanıb iki qadına yol vermədiklərinə görə iradını bildirib. O, iradını bildirərkən “xoşunuza gələr sizin ana-bacınıza eyni hərəkətlər etsələr?” ifadəsini işlədib.

Mirsaleh Hüseynov isə qadınları görmədiklərini və buna görə üzr istədiklərini bildirib. Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.

Mübahisənin davamında Bəhmən Hüseynov Mirsaleh Hüseynovu Bərdə rayonu, E.Cəfərov küçəsində yerləşən “İmamzadə qəbiristanlığı”na dəvət edib. Mirsaleh Hüseynov dəvəti qəbul edərək onunla birlikdə qəbiristanlığa gedib.

Onlar qəbiristanlığın girişindən təxminən 200-300 metr aralıda dayanaraq söhbət etməyə başlayıblar. Saat 18:06 radələrində Bəhmən Hüseynov Mirsaleh Hüseynova yumruqla zərbə endirib. Sonuncu da qarşılıq verərək onu yumruqla vurub və tərəflər arasında əlbəyaxa dava başlayıb.

Dava zamanı Mirsaleh Hüseynov Bəhmən Hüseynovun burun nahiyəsinə və üzünün sol tərəfinə iki zərbə vuraraq dərəcəsi müəyyən edilməyən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

Bu zaman Mirsaleh Hüseynovun belində gəzdirdiyi cib bıçağı yerə düşüb. Bəhmən Hüseynov bıçağı yerdən götürərək onun sağ və sol qol nahiyələrinə üç zərbə endirib. Daha sonra törətdiyi hərəkətdən peşman olaraq bıçağı yerə atıb.

İttihamda qeyd olunur ki, həmin vaxt Bəhmən Hüseynovun Mirsaleh Hüseynova qarşı hər hansı aktiv hərəkəti olmayıb və onun həyatı və sağlamlığı üçün təhlükə yaranmayıb.

Buna baxmayaraq, Mirsaleh Hüseynov ona qarşı irad bildirilməsindən, aralarında mübahisə yaradılmasından və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanmasından əsəbiləşərək qisas almaq qərarına gəlib. O, yerə atılmış bıçağı götürərək Bəhmən Hüseynovun üzərinə hücum edib və ona ardıcıl olaraq 10 bıçaq zərbəsi endirib.

Nəticədə Bəhmən Hüseynovun döş qəfəsinin sol ön səthində ağciyərin zədələnməsi ilə müşayiət olunan bir, sol kürək nahiyəsində isə ağciyərin zədələnməsi ilə nəticələnən iki daxilə keçən deşilmiş-kəsilmiş yara yaranıb.

Bundan başqa, qarın nahiyəsinə endirilən zərbə nəticəsində mədə və qaraciyər zədələnib. Zərərçəkmişin onurğa və sağ kürəkaltı nahiyələrində də deşilmiş-kəsilmiş yaralar, eləcə də dirsək, bilək və sağrı nahiyələrində müxtəlif xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, ağciyərin, mədənin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş və qarın boşluğuna keçən yaralar birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

Bəhmən Hüseynov döş və qarın boşluğuna keçən yaralanmalar nəticəsində ağciyərin, mədənin və qaraciyərin zədələnməsi, bunun ardınca baş verən kəskin qanitirmə səbəbindən ölüb.

Beləliklə, istintaq orqanı Mirsaleh Hüseynova qarşı qisas almaq niyyəti ilə qəsdən adam öldürmə ittihamı irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*