“Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən deyib.
“Ekstraregionlar Cənubi Qafqaza öz proqramları ilə gəlirlər ki, bu da, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Bu gün Qərb ölkələri açıq qarşıdurma xarakterli anti-Rusiya gündəliyi ilə Cənubi Qafqaza doğru irəliləyir. Biz inanırıq ki, bu, Transqafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək”.
O hesab edir ki, regional təhlükəsizliyi müvafiq region dövlətlərinin səyləri ilə ən effektiv şəkildə təmin etmək olar:
“Biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
