Qırğızıstan bütün aviaşirkətlər üçün ölkəyə, ölkədən və ölkə ərazisindən həyata keçirilən reyslərlə bağlı yeni dil tələbi tətbiq edib.
KONKRET.az xəbər verir ki, Qırğızıstan Hava Limanları ASC-nin yaydığı məlumata görə, bundan sonra həm yerli, həm də xarici aviaşirkətlər sərnişinlərə təyyarə göyərtəsində verilən məcburi elanları qırğız dilində də səsləndirməlidirlər.
Yeni qaydalara əsasən, təhlükəsizlik təlimatları, fövqəladə hallar zamanı davranış qaydaları, qalxma və enişlə bağlı məlumatlar, eləcə də digər məcburi elanlar qırğız dilində təqdim olunmalıdır. Bu elanların məzmunu digər dillərdə səsləndirilən mətnlərlə tam eyni olmalıdır.
İndiyədək göyərtədə elanlar əsasən ingilis, rus və uçuşun həyata keçirildiyi ölkənin dilində səsləndirilirdi.
Qərara əsasən, aviaşirkət rəhbərlərinə bütün zəruri elanların qırğız dilində rəsmi mətnlərini hazırlamaq və yeni tələblərin şamil olunduğu bütün reyslərdə tətbiq etmək tapşırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
