1918-ci il oktyabrın 19-da Volqaboyu almanların muxtar qurumu yaradıldı. Bu, Sovet Rusiyasında yaradılmış ilk muxtar vilayət idi.
Adı isə Əmək Kommunası idi. Kommunanın təşkili Rusiyada yaşayan xalqların hüquqları haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsinin nəticəsi idi. Oktyabr inqilabından iki ay sonra bolşeviklər Sovet hakimiyyətinin ilk dekretlərindən biri olan bu sənədi qəbul etmişdilər. Bəyannamədə sovet milli siyasətinin əsas prinsipləri elan olunurdu: ölkədəki bütün xalqların bərabərliyi və suverenliyi, milli azlıqların sərbəst inkişafı, xalqların azad öz müqəddəratını təyin etmək, hətta ayrılaraq müstəqil dövlət yaratmaq hüququ.
Sənədi Vladimir Lenin və İosif Stalin imzalamışdılar. Məlum olduğu kimi, Stalin həmin dövrdə Millətlər İşləri üzrə Xalq Komissarlığına rəhbərlik edirdi.
Lakin bu qurum uzun müddət fəaliyyət göstərmədi. Artıq 1924-cü ilin aprelində ləğv edildi. Çünki ölkə rəhbərliyi həmin vaxta qədər Bəyannamənin qəbulunda hansı səhvə yol verdiyini anlamışdı. Öz müqəddəratını təyin etmək və ayrılmaq hüququndan Finlandiya, Baltikyanı ərazilər, Ukrayna və Qafqaz xalqları yararlanmışdılar.
Beləliklə, geniş ərazilər üzərində nəzarəti itirən bolşeviklər vahid dövlətin yenidən qurulması siyasətinə qayıtmağa məcbur oldular. Əslində, bu, vaxtilə özlərinin tənqid etdikləri imperiyanın yenidən yaradılması demək idi.
Bundan sonra SSRİ-də milli məsələlərlə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi (ÜMİK) məşğul olmağa başladı. Bu siyasətin nə dərəcədə «uğurlu» və «səmərəli» olduğunu isə tezliklə bir çox etnik qruplar — tatarlar, polyaklar, ukraynalılar və elə həmin almanlar öz üzərlərində hiss etdilər.
Yeri gəlmişkən, Volqaboyu almanlarının Muxtar Respublikası Böyük Vətən müharibəsi başlandıqdan qısa müddət sonra, 1941-ci ilin avqustunda ləğv edildi. Bununla belə, Rusiyada yaşayan almanların əksəriyyəti hələ 1920-ci illərin sonu – 1930-cu illərin əvvəllərində doğma yurdlarından sürgün edilərək ölkənin şimal bölgələrinə və Qazaxıstana köçürülmüşdülər.
Ağagül Mürsəlov,
KONKRET.az
