“Qiymətlərə yenidən baxıla bilər” – “28 May”dakı parklanma ilə bağlı AÇIQLAMAbackend

"Qiymətlərə yenidən baxıla bilər" - "28 May"dakı parklanma ilə bağlı AÇIQLAMA

“Dəmiryol vağzalları, hava limanları və digər nəqliyyat qovşaqları ərazisində parklanma qiymətləri elə müəyyən edilir ki, ora qısa müddətə gəlib qayıdan insanlar üçün əlçatan olsun”.

KONKRET.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakı Dəmir Yolu Vağzalı yaxınlığında, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində parklanma qiymətləri haqda danışarkən deyib.

Ekspert bildirib ki, adıçəkilən parklanma yeri hamının avtomobil park edəcəyi yer deyil:

“Bəzi insanlar hesab edir ki, parklanma qiymətləri bütün sürücülər üçün əlçatan olmalıdır, kim istəyir, aparıb saatlarla maşınını qoyub getməli və az miqdarda pul ödəməlidir. Bu, onların düşüncəsidir. Bir qrup insan isə fikirləşir ki, dəmiryol vağzalına gəlməliyəm, rayona səfər edəcəm, əlimdə yüklərim var, maşın məni gətirib yaxın bir yerdə düşürməlidir. Yaxud da dəmiryol vağzalında düşmüşəm, əlimdə yüklərim var, taksiyə minib getməliyəm. Bəs o insanlar necə etsinlər? İstənilən halda hamını razı salmaq mümkün deyil. Bu ərazi hamının avtomobil park edəcəyi bir yer deyil. Bura dəmiryoluna vətəndaşları gətirib-aparan nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bunun üçün də normal vaxt qoyulub. İlk 15 dəqiqə pulsuzdur,qalan dəqiqələr isə saata görə hesablanacaq. Düşünürəm ki, taksilər ilk 15 dəqiqəni düzgün dəyərləndirəcəklər və heç ödəniş də etməyəcəklər”.

E.Muradlı deyib ki, ciddi narazılıq yaranarsa, parklanma qiymətlərinə yenidən baxıla bilər:

“Ola bilsin ki, bir müddət sonra ciddi narazılıq yaranar, insanlar bundan faydalana bilməz, o zaman məsələyə bir də baxıla bilər. Bir daha qeyd edirəm ki, ora ümumi parkinq yeri yox, dəmiryolundan istifadə edən, yükü olan insanların gedib-gəlməsi üçündür. Onu da deyim ki, “28 May”ın ətrafını tam qapatdılar, ətrafda yalnız bir parkinq yeri var, o da haqqında danışdığımız yerdir. Düşünürəm ki, aidiyyatı qurumlar mütləq ərazidə ümumi istifadədə olan parkinqlərin eyni modelini yaratmalıdır. Çünki o boyda 28 May ərazisini qapadıb insanları Allahın üzünə buraxmaq olmaz”.

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalı yaxınlığında, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Lakin qiymətlərin baha olması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*