Qlobal maliyyə bazarlarında son günlər qızılın qiymətində eniş tendensiyası müşahidə olunur. Dünyada iqtisadi qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda uzun müddət təhlükəsiz investisiya aləti hesab edilən qiymətli metalın ucuzlaşması investorların diqqətini cəlb edib.
Bəs qızılın qiymətinin enməsinə hansı amillər səbəb olub və bu tendensiya yaxın dövrdə də davam edəcəkmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, qızılın ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntilərin güclənməsidir.

Onun sözlərinə görə, ABŞ dollarının möhkəmlənməsi və dövlət istiqrazlarının gəlirliliyinin artması da qiymətli metalın qiymətinə mənfi təsir göstərir.
“Qızıl faiz gəliri gətirməyən aktiv olduğundan, yüksək faiz mühitində investorlar daha çox gəlir təmin edən maliyyə alətlərinə üstünlük verirlər. Bu isə qızıla olan tələbatın azalmasına və qiymətlərin enməsinə təsir edir. Eyni zamanda, əvvəlki dövrdə qiymətlərin kəskin bahalaşmasından sonra investorların mənfəəti reallaşdırmaq üçün satışları artırması da bazarda eniş təzyiqini gücləndirib”, – deyə iqtisadçı vurğulayıb.
Akif Nəsirli qeyd edib ki, yaxın dövrdə qızılın qiymət dinamikası bir sıra mühüm amillərdən asılı olacaq.
“Bunların sırasında FED-in faiz siyasəti, ABŞ-da inflyasiya göstəriciləri, dolların məzənnəsi və geosiyasi proseslər xüsusi rol oynayır. Əgər faiz dərəcələri yüksək səviyyədə qalmağa davam etsə və dollar güclü mövqeyini qorusa, qızılın qiyməti üzərində təzyiq də güclənəcək. Lakin geosiyasi risklərin artması və ya faiz endirimi ilə bağlı gözləntilərin güclənməsi qızılın yenidən bahalaşmasına səbəb ola bilər”, – deyə o, əlavə edib.
Ekspertin fikrincə, mövcud şəraitdə qızıl bazarında yaxın perspektivdə yüksək dəyişkənliyin davam edəcəyi daha real ssenari hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
