“Erməni cəmiyyətini bir millət, xalq, dövlət və regional faktor kimi zəiflətmək üçün onu parçalamağa, “Biz” ideyasını ondan uzaqlaşdırmağa cəhd edilir. Cəmiyyətin müqavimətini getdikcə zəiflədiblər. Bütün bunlar qloballaşmanın dəyərlər sistemi vasitəsilə həyata keçirilir. Dünyanın bir çox ölkələri artıq həmin prosesi keçib. İndi bir çox ölkələr milli və ənənəvi dəyərlərə qayıdırlar”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni xalq artisti, müğənni Arsen Qriqoryan bildirib.
O jurnalistə verdiyi müsahibədə daha sonra bunları deyib: “Vətən doğuşla və ya mənsubiyyətlə müəyyən edilir, mənim üçün vətən mənsubiyyətdir. Mənim həyat tərzim “mən” yox, “Biz”dir. Dünya “mən”lə inkişaf edib, indi “Biz”ə qayıdır. Başqalarının etdiyi səhvdən qaça bildiyimiz halda, niyə bu gün bütün o çətin yola getməliyik?
Qloballaşma yeni bir şey deyil. Bir neçə on il bundan əvvəl bir sıra Avropa ölkələri mənim üçün arzuolunmayan qloballaşma prosesindən keçiblər və bu gün yenidən zəngin dəyərlərə qayıdırlar. Mən tez-tez İsveçdə oluram və İsveçlilərin özlərinin, Vikinqlərin ailə ideyasına necə qayıtdıqlarını görürəm. Bu yaxınlarda orada keçirilən seçkilərdə daha çox millətçi qanad qalib gəldi. Bu, onların genetik müqavimətinin artmağa başladığından xəbər verir.
Biz başqa dəyərləri kopyalamağa çalışırıq, lakin bu kopyalamanın məqsədinin nə olduğunu anlamırıq. Hər şeydə, hər addımda məqsəd olmalıdır.
Gözümüzü bir az açaq, dünyanın bir parçası olaraq məsuliyyətimizi dərk edək. Düşünək ki, özümüz üçün nə etməliyik? Milliyyətsiz, ailə mənsubiyyəti olmayan bir insan kimi yaşamaq istəmirəm, çünki millət ailədir, mənim ailəm isə böyükdür. Mənim böyük evim bir neçə kvadratmetr olan kiçik evdən daha vacibdir, mənim Ermənistanım daha vacibdir.
Tariximizdə fasilələr olub, amma biz küldən qalxmışıq və bunu bacarırıq. Biz bunu indi də bacaracağıq, bu bizim tipdir, erməni tipidir. Erməni kimi qalmaq təkcə oxumaq və rəqs etmək deyil, həm də güclü inamdır.
Natiq Səlim,
KONKRET.az