Rayon sakinlərinə kreditlər çox veriləcək – Bank filiallarının sayı artırılırbackend

Rayon sakinlərinə kreditlər çox veriləcək - Bank filiallarının sayı artırılır

Real sektorun kreditləşdirilməsinin artırılması və regionlarda maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi iqtisadi inkişaf baxımından əsas məsələlərdən biri olaraq qalır. Xüsusilə rayon və kəndlərdə bank filiallarının və ATM-lərin sayının az olması sahibkarların, eləcə də əhalinin maliyyə xidmətlərindən istifadəsini çətinləşdirir.

Bəs regionlarda maliyyə əlçatanlığını artırmaq və kreditləşməni genişləndirmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, regionlarda maliyyə əlçatanlığının artırılması günün aktual tələblərindən biridir.

Təqaüd alanlara VACİB XƏBƏR: Bu halda pensiya kapitalını birdəfəlik ala biləcəksiniz | KONKRET

Onun sözlərinə görə, rayonlarda bank filiallarının, xüsusilə də ATM-lərin sayının yetərli olmaması sahibkarların və bölgə sakinlərinin haqlı narazılığına səbəb olur:

“Vətəndaş kart hesabına daxil olan vəsaiti çıxarmaq üçün bəzən xeyli məsafə qət etməli, rayon mərkəzinə və ya yaxınlıqdakı digər rayona getməli olur. Bu isə maliyyə xidmətlərindən istifadəyə əlavə vaxt və xərc yaradır”.

Ekspert qeyd edib ki, iqtisadiyyatın modernləşməsi fonunda şəffaflığın, əlçatanlığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi baxımından nağdsız ödənişlərin və POS-terminallardan istifadənin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır:

“Düşünürəm ki, yaxın zamanda kəndlərdə fəaliyyət göstərən obyektlərdə də bu cihazlardan istifadənin genişləndirilməsi, həmçinin ATM-lərin quraşdırılması istiqamətində addımlar atılacaq.

Rayon və kənd əhalisinin böyük hissəsinin iri şəhərlərdə məskunlaşması da nəzərə alınmalıdır. Yeni filialın açılması, ATM-in quraşdırılması və ona texniki nəzarətin həyata keçirilməsi əlavə xərc tələb edir. Bununla yanaşı, həmin ərazidə maliyyə xidmətlərinə tələbin müəyyən səviyyədə olması da vacibdir”, – deyə ekspert vurğulayıb.

İqtisadçı-ekspert kreditləşmənin artırılması üçün regionların iqtisadi göstəricilərinin daha dərindən təhlil edilməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, kredit portfelinin həcmi, problemli kreditlərin göstəriciləri, əhalinin orta əməkhaqqı və gəlir səviyyəsi kimi amillər nəzərə alınmalıdır.

“Kreditləşmənin artması üçün ilk növbədə biznes kreditlərinin əhatə dairəsi genişləndirilməlidir. Təbii ki, bu sahədə müəyyən əlavə və dəyişikliklərə ehtiyac var. Həm sui-istifadə hallarının qarşısı alınmalı, həm də gənclərin sahibkarlığa marağının artırılması üçün imkanlar yaradılmalıdır”, – deyə Günay Hüseynova əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*