Azərbaycanda rayon və kəndlərdən paytaxta köç prosesi son illərdə daha da sürətlənib. İş imkanlarının məhdudluğu, sosial-iqtisadi çətinliklər və gəlir səviyyəsinin aşağı olması bir çox insanı Bakıda yaşamağa və işləməyə vadar edir.
Bəs regionlardan paytaxta axının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, rayonlarda sosial problemlərin dərinləşməsi əhalinin paytaxta və xarici ölkələrə üz tutmasına səbəb olur.

Onun sözlərinə görə, daxili miqrasiya yalnız Bakı ilə məhdudlaşmır:
“Rayonlarda işsizlik tüğyan etdiyi üçün təəssüf ki, paytaxta üz tutanların sayı artır. Təkcə Bakını nəzərdə tutmaq olmaz. Gəncə və digər böyük şəhərlərə işləmək üçün gedənlərin sayı da çoxalır. Sadəcə, Bakı paytaxt olduğu üçün bu məsələyə daha çox diqqət ayrılır.
Hesab edirəm ki, bu prosesin qarşısını qısa zamanda almaq çox vacibdir. Çünki rayonlarda əhalinin sosial durumu ağırlaşdıqca kəndlərin boşalması sürətlənəcək. Cəmi beş il əvvəlki kəndlə indiki kənd arasında böyük fərqlər var. Elə kəndlər mövcuddur ki, əhalisinin yarıdan çoxu artıq orada yaşamır. Araşdırdıqda məlum olur ki, onların böyük əksəriyyəti Bakıda məskunlaşıb. Rusiyaya və digər ölkələrə üz tutanlar da az deyil”.
Cavanşir Abbaslı hesab edir ki, regionlardan köçün qarşısını almağın əsas yolu əhalinin sosial rifahını yaxşılaşdırmaq və rayonlarda yeni iş yerləri yaratmaqdır:
“Bunun qarşısını almağın əsas yolu sosial durumu yaxşılaşdırmaqdır. Rayonlarda yeni iş yerləri açmaq, insanları öz doğma bölgələrində işlə təmin etmək lazımdır. Elə insanlar var ki, ailəsini rayonda qoyub özü Bakıya işləməyə gəlib. Aybaay ailəsinə dolanışıq üçün pul göndərir. Halbuki onların istəyi ailələri ilə birlikdə yaşamaqdır.
Bu problemin kökündə işsizlik dayanır. İnsan öz rayonunda normal gəlir əldə edə bilsə, ailəsindən, doğma kəndindən və şəhərindən ayrılaraq Bakıya və ya xaricə getməyə məcbur qalmaz”.
Ekspertin fikrincə, regionların iqtisadi inkişafı təmin edilmədən daxili miqrasiyanın qarşısını almaq çətin olacaq. Bunun üçün rayonlarda yeni müəssisələrin yaradılması, kənd təsərrüfatının və sahibkarlığın inkişaf etdirilməsi, eləcə də dayanıqlı və gəlirli iş yerlərinin açılması əsas prioritetlərdən biri olmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
