“Bəzi müxalifət qüvvələrinin gözləri məni götürmür”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a millət vəkili Razi Nurullayev deyib. Deputat daha sonra fikrinə belə davam edib:
“Bilirsiniz ki, Azərbaycanda müxalifət ən çox özü-özünə qarşı mübarizə aparır, bir-birini ləkələyib sıradan çıxarmaq istəyirlər. Əli Kərimlinin rəhbərlik etdiyi partiya, REAL Partiyasının üzvləri və bəzi hallarda “Müsavat”ın üzvləri də bu fürsətdən istifadə edərək, qərəz xarakterli statuslar yazırlar.
Məni hədəfə çıxarırlar və bu şəkildə məndən qisas alırlar. Bunlar sanki özlərini elə aparırlar ki, guya iqtidarı qoruyurlar. Görün nə qədər absurddur.
Əli Əliyevi müdafiə edənlər də məni sərt şəkildə hədəfə alır. Özlərini elə göstərirlər ki, bunlar dövləti qorumaq istəyir, bunlar prezidentin yanındadır və s. Hərçənd ki, onlar özləri hər addımda ölkənin birinci şəxsini təhqir etməkdən, hədəf çıxarıb söydürməkdən belə çəkinmirlər. Nə atribut tanıyırlar, nə bayraq, nə də insanlıq.
Ağızlarını boşuna qoyub danışır və üfunət iyisi yayırlar. Bu qədər absurd şəkildə özlərini biabır edirlər. Və sonra da deyirlər ki, “Xalq bizi niyə dəstəkləmir?”, “Xalq niyə müxalifətin yanında deyil?”.
Bu qədər ikiüzlülük, üçüzlülük, minsifətlilik olar? Əqidəsi, dini bəlli olmayanları xalq haradan sevsin? Harada onların yanında dayansın? Bax, məsələnin məğzində dayanan bu məsələlərdir. Təbii ki, biz yolumuzu müəyyənləşdirmiş partiyayıq, siyasətimizi bilən insanlarıq. Bu yoldan da dönmək yoxdur! Yola davam!”.
