Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası deyil, həm də regionun geosiyasi və iqtisadi xəritəsində ciddi dəyişiklik yarada bilər. Marşrutun işə düşməsi Azərbaycanı Naxçıvan və Türkiyə ilə birbaşa əlaqələndirməklə yanaşı, regionda yeni iqtisadi imkanlar və nəqliyyat bağlantıları yarada bilər. Eyni zamanda, layihənin İran və Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə mümkün təsiri də müzakirə olunur.
Digər tərəfdən, dəhlizin açılması ilə İran və Rusiyanın müəyyən nəqliyyat və geosiyasi imkanlarının məhdudlaşacağı barədə fikirlər də var.
Zəngəzur dəhlizinin açılması İran-ABŞ və Rusiya-Ukrayna müharibələrinin gedişinə, mümkün sonluğuna təsir göstərə bilərmi?Azərbaycanın yeni nəqliyyat və iqtisadi imkanlardan istifadə etməklə bu proseslərdə vasitəçi rolunu gücləndirməsi mümkündürmü? Belə bir perspektiv həmin ölkələri Zəngəzur marşrutunun qarşısını almağa, yoxsa əksinə, mövcud münaqişələrin həllinə daha çox maraq göstərməyə vadar edər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib ki, hazırda region ətrafında Rusiya-Ukrayna müharibəsi davam etməkdədir:
“Bu müharibə fonunda Qafqaz və Mərkəzi Asiya ölkələri də təhlükəsizlikləri və gələcəkləri barədə düşünürlər. Eyni zamanda, ABŞ, İsrail və İran arasında da müharibə, ara-sıra müəyyən hərbi əməliyyatlar və eyni zamanda informasiya savaşı davam etməkdədir. Bu kontekstdə biz ötən həftə və bu həftə Suriya ətrafında hadisələrlə bağlı Türkiyə ilə İsrail arasında vəziyyətin ictimaiyyət qarşısında gərginləşməsinin şahidi olduq.
Belə vəziyyətdə Cənubi Qafqaz, xüsusilə Azərbaycan üçün mühüm çağırışlar var. Bu çağırışlar iqtisadi təhlükəsizliklə bağlıdır. Azərbaycan rəhbərliyinin əvvəldən qurduğu düzgün xarici siyasət nəticəsində bir çox ölkə ilə balans yaratmaq olur. Bakı ədalətli və səmimi mövqe tutur. Bunun nəticəsində milli maraqlarımızın qorunduğuna şahidlik etdik.
Regionda baş verənlər çox həssasdır. Biz ərazisi kifayət qədər geniş olan ölkələrin müharibə və münaqişələrinə şahidlik edirik. Siyasi sərhədlərin dəyişdiyini görürük. Artıq coğrafiyalarda milli-ideoloji dəyişikliklər ola bilər. Ona görə ölkələr məsələlərə həssas yanaşır.
2020-ci ildə Azərbaycan hökuməti tərəfindən qonşu ölkələrə, ilk növbədə, regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin bölgəyə verəcəyi töhfə ilə bağlı təkliflər oldu. Zəngəzur dəhlizinin açılması, Azərbaycan vasitəsilə kommunikasiyaların bərpası çox vacibdir. Bu, həm Rusiyanın, həm də İranın maraqlarına cavab verir. Bu ölkələr münasibətləri pisləşdirmək yerinə yaxşılaşdırmalıdırlar. Yaxın perspektivdə təklif etdiyimiz nəqliyyat-kommunikasiya xətləri qonşu xalqların rifahı üçün çox vacib amildir”.
