Orta məktəblərdə repetitorluğun qarşısını almaq və valideynlərin əlavə təhsil xərclərini azaltmaq məqsədilə dərsdən sonra ödənişli məşğələ qruplarının yaradılması təklif olunur. Belə bir model tətbiq edilərsə, şagirdlər məktəbdən kənarda repetitor yanına getmək əvəzinə, elə öz məktəblərində əlavə dərslərə cəlb oluna bilərlər.
Bəs bu sistem geniş tətbiq edilərsə, repetitorluq tarixə qovuşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Elm və Təhsil Nazirliyinin təmayüllü siniflərin təşkili ilə bağlı təşəbbüsü də müəyyən mənada repetitorluğun azaldılmasına hesablanıb.

Ekspertin sözlərinə görə, orta məktəblərdə repetitorluğu əvəz edə biləcək əlavə məşğələlərin təşkili mümkün variantlardan biridir:
“Dərsdən sonra repetitor yanına gedən şagirdləri elə həmin məktəbin müəllimləri əlavə məşğələlərə cəlb edə bilərlər. Bu halda şagird məktəb mühitindən kənara çıxmır və əlavə vaxt itkisi də yaşanmır. Düşünürəm ki, gələcəkdə bu model repetitorluğun azaldılması istiqamətində çıxış yollarından biri ola bilər”.
M.Məmmədli hesab edir ki, belə bir sistemin tətbiqi üçün müəllimlərin əlavə əməyinin ayrıca qiymətləndirilməsi və onlara əlavə əməkhaqqının ödənilməsi vacibdir:
“Əgər müəllimlər dərsdən sonra əlavə məşğələlərə cəlb olunacaqlarsa, onların əməyinə görə əlavə ödəniş verilməlidir. Həmin vəsaitin müəyyən hissəsinin məktəb büdcəsinə yönəldilməsi hesabına təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması da mümkündür. Repetitorluqla məşğul olan müəllimlər dərsdən sonra elə məktəbdə əlavə məşğələlər keçirə bilərlər. Bu, həm tədrisin keyfiyyətinin, həm də şagirdlərin davamiyyətinin artırılmasına kömək edə bilər”.
Ekspert bəzi pilot layihələrin də bu istiqamətdə müsbət nəticələr verdiyini qeyd edib. Onun fikrincə, həmin təcrübələr nəzərə alınaraq məktəblərdə əlavə məşğələ modelinin daha geniş tətbiqi gələcəkdə mümkün ola bilər.
“Əhalimiz birmənalı şəkildə düşünürsə ki, repetitorluq zərurətdir, bunu birdən-birə aradan qaldırmaq çətin olacaq. Repetitorluq müəyyən mənada dəb halını da alıb. Lakin məktəblərdə keyfiyyətli və əlçatan əlavə məşğələlərin təşkili bu sahədə repetitorluqdan asılılığı azalda bilər”, – deyə M.Məmmədli vurğulayıb.
Ekspertin fikrincə, belə bir sistemin tətbiqi repetitorluğu tamamilə aradan qaldırmasa da, onun miqyasını əhəmiyyətli dərəcədə azalda bilər.
Beləliklə, dərsdən sonra məktəblərdə əlavə məşğələlərin təşkili, müəllimlərin bu fəaliyyətə görə əlavə ödəniş alması və valideynlərin repetitorluğa çəkdiyi xərclərin azaldılması alternativ model kimi nəzərdən keçirilə bilər. Lakin əsas məsələ bu sistemin necə qurulacağı, müəllim əməyinin hansı prinsiplərlə qiymətləndiriləcəyi və əlavə məşğələlərin tədrisin keyfiyyətinə real təsirinin necə təmin ediləcəyidir.
Aynurə İsmayıl
KONKRET.az
