Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki “Bloomberg” agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməyi nəzərdən keçirdiyini bildirib.
KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, fin hərbçiləri Ukrayna müharibəsində istifadə olunan istehkam təcrübəsini dərindən öyrənərək onu yerli şimal iqliminə uyğunlaşdırmağı planlaşdırırlar. İki ölkə arasındakı 1340 kilometrlik sərhəd NATO-nun Rusiya ilə olan ümumi quru sərhədinin yarıya qədərini təşkil edir.
Generalın sözlərinə görə, Moskva müharibəyə baxmayaraq hərbi potensialını sürətlə bərpa edir və bazalara artıq yeni “T-90” tankları, “BMP-3” zirehli maşınları və özüyerən artilleriya qurğuları daxil olur.
Helsinkinin əsas məqsədi Rusiyaya hər hansı bir hücumun uğursuzluğa məhkum olduğunu nümayiş etdirməkdir. Qeyd edək ki, sentyabr ayında Finlyandiya sərhəddə 365 milyon avro dəyərində olan 200 kilometrlik çəpərin inşasını artıq yekunlaşdırıb.
