Yanvar ayının 30-da Ağdamda fəaliyyətə başlayan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti atəşkəsə nəzarət edir.
KONKRET.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rus hərbçiləri “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejiminin monitorinqini həyata keçirirlər.
Nazirliyin məlumatında qeyd edilir ki, Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur.
Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl edilməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxırlar.
Xatırladaq ki, mərkəzin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Vəsilə İbrahim
KONKRET.az