“Rusiya texnologiyaları ilə biz həmişə Azərbaycana uduzacağıq” – Sarkisyanbackend

“Rusiya texnologiyaları ilə biz həmişə Azərbaycana uduzacağıq” - Sarkisyan

Ermənistan baş naziri Nikol Paşinyanla parlamentdənkənar qüvvələr arasında bu gün keçirilən görüşdə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxmaq məsələsi müzakirə olunub.  

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan jurnalistlərə bildirib.

Sarkisyan və iclasda iştirak edən bir neçə həmkarı İrəvanın KTMT üzvlüyünə dərhal xitam verilməsi ilə bağlı təklif səsləndirib.

Sarkisyan, həmçinin bundan sonra atılacaq zəruri addımlar barədə sualı cavablandırıb.

“Dünyada heç bir hərbi ittifaqa daxil olmayan çoxlu ölkələr var. Məsələn, İordaniya heç bir hərbi alyansın üzvü deyil. Və yaxud İsrail heç bir hərbi alyansın üzvü deyil, lakin ABŞ-ın tərəfdaşıdır. ABŞ hər il İordaniyaya 800 milyon dollar dəyərində hərbi yardım göstərir. Mənim hesablamalarıma görə, belə halda Ermənistana hər il 400 milyon dollar məbləğində hərbi yardım göstərilə bilər. Ermənistan hakimiyyətindən KTMT-dən çıxmaqla bağlı effektiv addımlar gözləyirəm. Və həmçinin onlar qarşısında bu tələbi qoyuram.

Əgər buna nail olsalar, lap yaxşı, olmasalar da, bu, onların problemidir. Biz Rusiya bataqlığındayıq və bu bataqlıq bizdən bir şey istəyir: Mehri dəhlizi. Azərbaycan da bizdən bir şey istəyir: onun ərazi bütövlüyünü tanımağımızı və Qarabağdan imtina etməyimizi. Biz bu vəziyyətdən çıxa bilirik, ya yox? Bu vəziyyətdən çıxa bilmiriksə, o zaman həm dəhlizin verilməsi, həm də Qarabağdan imtina edilməsi variantı ilə razılaşmış oluruq. Və bu gün bizə bir əl uzadılıb, əgər bu əldən istifadə etsək, qeyd edilən variantla razılaşmaya bilərik”, – deyə Sarkisyan bildirib.

Sarkisyan həmçinin Ermənistanın ABŞ-dan hərbi əməkdaşlıq təklifi alıb-almaması ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin İrəvana səfərini müsbət cavab hesab etmək olar. Nensi Pelosi ictimai bəyanatlarında bu qəbildən  birbaşa təkliflər səsləndirməsə də, Sarkisyan bu səfərin açıq mesaj olduğunu iddia edir.

“Nensi Pelosi açıq şəkildə Ermənistana əlini uzadır və bizi bütün məsələlərdə dəstəkləməyə hazır olduğunu deyir”, – deyə “Respublika” partiyasının rəhbəri əlavə edib.

Sarkisyan əmindir ki, yeganə maneə Ermənistanın KTMT-yə üzv olmasıdır. “Onlar rəqib və ya düşmən olan ölkənin rəhbərlik etdiyi hərbi blokun üzvü olan ölkəyə yeni texnologiyalar vermirlər. Yəni KTMT-yə üzv olmağımız yeni hərbi texnologiyalarla silah və sursat almağımıza mane olur. Rusiya silah və sursatları ilə, Rusiya texnologiyaları ilə isə biz həmişə Azərbaycana uduzacağıq”, – deyə Aram Sarkisyan əmin olduğunu bildirib. /oxu az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*